Prezident İlham Əliyev: “İşğal altındakı digər rayonların azad edilməsinin aktiv mərhələsindəyik”

Otuz ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azad olunması uğrunda sentyabrın 27-də başlanan  Vətən müharibəsinin 41-ci günüdür. Döyüş meydanında yağı düşmənə qan udduran şanlı Ordumuzun zəfər xəbərləri gəlməkdədir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 4-də özünün “Twitter” hesabında daha 7 kəndimizin düşməndən təmizlənməsi barədə xəbəri xalqa çatdırıb: “Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Silahlı Qüvvələrimiz sentyabrın 27-dən noyabrın 5-dək 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 3 qəsəbə və 200-dək kəndi işğaldan azad edib.

“Azərbaycan Ordusu cəbhədə üstünlüyə malikdir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir”.

Prezident İlham Əliyev bu sözləri noyabrın 4-də İspaniyanın EFE agentliyinə verdiyi müsahibədə cəbhədəki vəziyyətdən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən, demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik”.

Prezident qeyd edib ki, işğal edilmiş rayonlardan faktiki olaraq 4-ü ya tamamilə, ya da qismən azad edilib. “Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik...  ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq”, – deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bundan sonra sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır: “Mən dəfələrlə Minsk qrupunun üzvü olan ölkələrin liderləri, yüksək rütbəli rəsmiləri ilə danışaraq çağırış etmişəm ki, Ermənistana təzyiq göstərin, sanksiya tətbiq edin. Əgər sanksiya tətbiq etmək istəmirsinizsə, ən azı bunu dilə gətirin, elan edin ki, sanksiyalar tətbiq olunacaq, əks halda, bu təcavüzkara təzyiq göstərmək üçün başqa heç bir mexanizm olmayacaq”.

Prezident vurğulayıb ki, ötən illər ərzində beynəlxalq vasitəçilər tərəfindən daima  “münaqişənin hərbi həlli yoxdur” bəyanatları səslənib: “Biz bu reallığı dəyişdik.

Hərbi həll yolu var. Lakin bizim bu gün danışdığımız ondan ibarətdir ki, gəlin, hərbi həllin həmin səhifəsini bağlayaq və siyasi həllə keçək. Beləliklə, hərbi-siyasi həll üstünlük təşkil etməlidir. Əgər Ermənistanın baş naziri mənim ondan tələb etdiyimi desə, biz bu gün dayanmağa hazırıq. İndi sülh prosesi artıq qismən yerinə yetirilmiş əsas prinsiplərin qalan hissəsinin icrasına əsaslanmalıdır. Bizə Kəlbəcər, Laçın və Ağdamın bir hissəsinin boşaldılması ilə bağlı dəqiq vaxt cədvəli lazımdır. Bundan sonra düşünürəm ki, regiona sülh gələcək”.

“Mən dəfələrlə demişəm, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox açıq-aşkardır”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.