Qardaş tatar xalqının böyük ziyalısı, Tatarıstanın (Rusiya Federasiyası) Xalq şairi, Dövlət mükafatı laureatı Razil Vəliyev Azərbaycanın haqlı mübarizəsinə dəstəyini ifadə edib.

Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini azərbaycanlı dostları ilə bölüşən şair deyib: “Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycanlılar bizim qardaşlarımızdır, bizi damarlarımızdan axan qan birləşdirir. Biz Sizin uğurlarınıza və qələbələrinizə sevinirik. Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq.

Azərbaycan bu gün özünün suverenliyi, Vətənin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir!”.

Xalq şairi ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının ruhuna ehtiramını bildirib: “Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk”.