Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Misirin Turizm Nazirliyinin əməkdaşlarının, turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycana infoturu təşkil edilib.
   Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə infotur iştirakçıları Bakı şəhəri ilə yanaşı, Qəbələ, Şəki, Qax və Quba şəhərlərində olublar.
   Səfərin təşkil olunmasında əsas məqsəd paytaxtla yanaşı, bölgənin turizm potensialı ilə daha yaxından tanış olmaq, eyni zamanda gələcəkdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığa, qarşılıqlı turist mübadiləsinə nail olmaqdır.
   Qonaqlar Bakıda və bölgələrdə fəaliyyət göstərən mehmanxanaların işi ilə də yaxından tanış olublar.
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, infotur çərçivəsində Misir nümayəndə heyəti ilə turizm şöbəsinin müdiri Aydın İsmiyev və yerli turizm şirkətləri arasında işgüzar görüş də keçirilib. Görüşdə ölkələrarası uçuşların və turların təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb, ölkəmizin turizm potensialını əks etdirən çap məhsulları qonaqlara təqdim edilib.
   Məlumat üçün bildirək ki, Azərbaycan turizm sahəsindən külli miqdarda gəlir götürən ölkələrlə əməkdaşlığını getdikcə genişləndirir. Belə ölkələrdən biri də Misir Ərəb Respublikasıdır. Məlum olduğu kimi, 2007-ci ilin may ayında Azərbaycanla bu ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
   Qeyd edilən infotur da bu sazişin şərtlərinə uyğun olaraq həyata keçirilir. Misirli qonaqlar zəngin turizm potensialına malik olan qədim Azərbaycan torpağından xoş təəssüratla ayrılıblar.
   Ümid edirik ki, Azərbaycan və Misir arasında turizm əlaqələrinin daha da genişlənməsinə və inkişafına təkan verəcək, həmçinin ölkəmizdən Misirə gedən və Misirdən ölkəmizə gələn turistlərin sayını çoxaldacaq.

   Fəxriyyə ABDULLAYEVA