“Oraya gedəcəyim günü səbirsizliklə və intizarla gözləyirəm”

Hamımızın Şuşa havasına kökləndiyi indiki günlərdə bu qədim diyarın tarixinin yorulmaz araşdırıcısı, jurnalist Vasif Quliyev AZƏRTAC-a müsahibə verib. “Şuşa” qəzetinin redaktoru, Şuşa və ümumən Qarabağ tarixi barədə 50 ilə yaxındır ki, qələm çalan Vasif müəllim bu illər ərzində Qarabağda yetişən nadir tarixi şəxsiyyətlər, ailələr, nəsillər, şəcərələr, konkret tarixi hadisələr, eləcə də qədim diyarın etnoqrafiyası barədə nə az, nə çox, 20-dən çox kitab qələmə alıb. Çox geniş ensiklopedik təfəkkürə malik olan tədqiqatçı-jurnalistin yazdığı kitabların coğrafiyası Şuşa və Qarabağı əhatə edir.

Həmkarımız deyir: “Şuşa Azərbaycan mədəniyyəti, incəsənəti və ədəbiyyatının mərkəzidir. Şuşanın bəxş etdiyi sənətkarların, şəxsiyyətlərin bir qisminin adını çəkmək kifayətdir ki, onun necə möhtəşəm bir mədəniyyət beşiyi olduğunu təsəvvür edəsən. Dağ qarı, çay suyu, ağac barı ilə tanındığı kimi, yurdu da onun layiqli övladları tanıdır. Azərbaycan ədəbiyyatında müstəsna xidmətləri olan Qasım bəy Zakir, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov və Yusif Vəzir Çəmənzəminli, musiqi sahəsində Sadıqcan, Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Seyid və Xan Şuşinskilər, Zülfü Adıgözəlov, Əfrasiyab Bədəlbəyli, Niyazi, Rəşid Behbudov, Zakir Bağırov, Soltan Hacıbəyov, Fikrət Əmirov, Vasif Adıgözəlov, Süleyman Ələsgərov və başqalarının adını xatırlatmaq xalqımızın tarixində bu şəhərin necə böyük əhəmiyyətə malik olduğunu ortaya qoyar. Qarabağ xanlığının paytaxtı məşhur memar Kərbəlayı Səfixan Qarabaği, rəssamlar Mir Möhsün Nəvvab, Əmir və Altay Hacıyevlər, Toğrul Nərimanbəyov, Vidadi Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı, Hüseyn Əhmədov, nəqqaş Usta Qəmbər Qarabaği kimi məşhur sənətkarlar bəxş edib. Bu şəhər hansı sahədə istedadlar, məşhur şəxsiyyətlər yetirməyib? Azərbaycanın ilk general-leytenantı İbrahimxəlil xan, oğlu, Azərbaycanın ilk general-mayoru Məhəmmədhəsən ağa Cavanşir, nəvəsi Cəfərqulu xan Cavanşir, Sovet İttifaqı qəhrəmanları, polkovnik Aslan Vəzirov, general Xəlil Məmmədov, Böyük Vətən müharibəsi qəhrəmanı general-mayor Yaqub Quliyev, partizan Mirzəxan Məmmədov, general-leytenant Fərəc bəy Ağayev məhz Şuşa şəhərinin ölkəmizə bəxş etdiyi layiqli oğullardır. Bircə fakt göstərəcəyəm: bu şəhərin yetirməsi olan 50-yə yaxın general olub”.

Vasif müəllimin ötən il çap etdirdiyi bir neçə illik tədqiqat və axtarışların məhsulu olan “Mehmandarovlar”, “İgidlərin sayı çoxdur bu yerdə...” kitablarında çoxlu oçerk, xatirə və elmi məqalə toplanıb. Publisist “Qarabağ xanı”, “Cəlil Məmmədquluzadə və Qarabağ ədəbi mühiti” monoqrafiyaları, “Qarabağ “Molla Nəsrəddin” jurnalının səhifələrində” kitabları üzərində yaradıcılıq işini başa çatdırıb.

Hazırda o, “Şuşa teatrı”, eləcə də Şuşadan çıxan sənət adamları və Şuşa ədəbi-mühiti barədə kitablar üzərində işləyir.

Həmsöhbətimiz sözünə davam edərək deyir: “Şuşa deyəndə yadıma, ilk növbədə, gəzib-dolaşdığım məhəllələr, küçələr, tarixi yerlər, oynadığım meydançalar, tamaşasından doymadığım mənzərələr və əlbəttə ki, unudulmaz xatirələr düşür.

Mənə çox doğma olan “Xan qızı” bulağı, onun yaxınlığında yerləşən Üzeyir bəyin evi, saatlarla vaxt keçirdiyim Cıdır düzü, İsa bulağı, Turşsu... Heç yadımdan çıxmır, bir dəfə “Nəvvabın kahası” deyilən yerdə “Üçmıx zirvəsi” tərəfdə məşhur rəssam Səttar Bəhlulzadənin daş üzərində çöməlib mənzərələr çəkdiyini gözlərimlə görmüşəm. Xan Şuşinskinin Şuşada qohum-əqrəba ilə, o cümlədən yaxın qohumum məşhur çekist Məmmədəli Novruzovla görüşünü xatırlayıram. Azərbaycan peşəkar vokal sənətinin banisi, opera müğənnisi Bülbülün yeddi-səkkiz konsertinin canlı şahidiyəm. Şuşanın ilk məhəllələrindən olan Çuxur məhəlləsi, Seyidli məhəlləsi, Quyuluq məhəlləsi, Qırxpilləkən, Cıdır düzü, Daşaltı çayı, Şəmilin bulağı, Şor bulaq, Səkili bulaq, evlər, həyətlər, kirəmid döşənmiş küçələr indi də gözümün qabağındadır”.

Onu Şuşasız təsəvvür etmək mümkün deyil. Desək ki, bu istedadlı və zəhmətkeş tədqiqatçı Şuşa ilə yaşayıb nəfəs alır, heç bir mübaliğəyə yol vermərik: “Şuşada mənə hər şey doğmadır, orada hər cığırı, hər ağacı, hətta hər kolu ən xırda ştrixlərinə qədər xatırlayıram. Oraya gedəcəyim günü səbirsizliklə və intizarla gözləyirəm. İlk növbədə, doğma şəhərin saf, büllur kimi təmiz havasını doyunca ciyərlərimə çəkəcəyəm. Yəqin ki, ilk qədəm basacağım yer 12 gözü olan “Xan qızı” bulağı olacaq. Onun suyundan doyunca içib, əl-üzümü yuyacağam. Sonra hər qarışı, hər çərəyi mənə tanış olan məhəllə və küçələri gəzərək ilk dəfə dünyaya boylandığım bu qədim şəhəri başdan-ayağa dolaşacaq, yolumuzu gözlədiyi 28 il yarım ərzində həsrətindən qovrulduğum bütün ünvanlara baş çəkəcəyəm”.