Onlayn konfransda müzakirə edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyası əməkdaşlarının iştirakı ilə “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair“ mövzusunda beynəlxalq onlayn konfrans keçirilib. Konfransa müxtəlif ölkələrdən musiqi xadimləri, musiqişünaslar qatılıb.

Konfransı BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açıb. Sonra BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciəti səsləndirilib. 

BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə ermənilərin mədəni irsimizə vurduqları ziyanın dünyaya çatdırılmasının əhəmiyyəti, Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq  İsayev təmsil etdiyi qurumun bu sahədə BMA-nın elmi laboratoriyası ilə əməkdaşlığı barədə danışıblar.

Onlayn konfransda dosent Ariz Abduləliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf  Bəhmənli, professor, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Xalq artisti, professor Zümrüd Məmmədova, gənc bəstəkar, elmi işçi İlahə İsrafilova və başqaları çıxışlarında Azərbaycan musiqisinə qarşı erməni plagiatına dair yeni faktları diqqətə çatdırıblar.

Konfransa Tiflisdəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşı Leyla Əliyeva, Türkiyədən pianoçu, bəstəkar Turan Manafzadə,  ABŞ-dan Nyu-York Azərbaycan Qlobal Musiqi Təşkilatının rəhbəri Nərgiz Əlyarlı, Ukraynadan  M.Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Xalq artisti Qurbanəli Abbasov, Rusiyanın Novosibirsk şəhəri simfonik orkestrinin baş dirijoru Etibar Əhmədov, Kanadadan bəstəkar Araş Dimas və başqaları qatılıb.