Noyabrın 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və TURKPA-nın Baş katibi Altınbek Mamayusupov Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən G.Əfəndiyeva və A.Mamayusupov ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin adları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə də qərənfillər düzülüb.

***

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından bütün Azərbaycan xalqını, başda Prezident İlham Əliyev olmaqla, bu gözəl qələbə ilə, tarixi torpaqlarımızın işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Düşünürəm ki, bu tarixi zəfər tək Azərbaycana deyil, bütün türk dünyasına şərəf gətirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu hadisələr başlayandan dəfələrlə bir sıra bəyanatlar vermiş və həm Ermənistan tərəfindən atəşkəsin kobud şəkildə pozulmasını, həm də dinc əhaliyə qarşı terror aktlarının törədilməsini çox ciddi şəkildə qınamış, eyni zamanda, işğala məruz qalan torpaqlarda mədəni irsimizin, tarixi abidələrimizin vəziyyəti ilə bağlı narahatçılığını bildirmişdir. Bu istiqamətdə fond tərəfindən araşdırmalar aparılıb, kitablar nəşr olunub. Düşünürəm ki, yaxın gələcəkdə onlar geniş auditoriyaya təqdim olunacaq. Bundan başqa, Qazaxıstandan, Türkiyədən ölkəmizə təşrif buyuracaq heyətlə də görüşümüz olacaq və bu istiqamətdə də tərəfimizdən işlər aparılacaq” – deyə Günay Əfəndiyeva jurnalistlərə açıqlamasında bildirib.

***

İlk növbədə, hərbi əməliyyatların uğurla başa çatması, Azərbaycanın ana torpaqlarının azad olunması münasibətilə TÜRKPA katibliyi adından Prezident İlham Əliyev başda olmaqla qardaş Azərbaycan xalqını təbrik edirəm.

Bu sözləri isə Altınbek Mamayusupov deyib. TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Azərbaycan xalqının bu uğuru eyni zamanda türk dövlətlərinin uğurudur: “Azərbaycanda Qələbə münasibətilə hamı böyük sevinc hissi yaşayır və biz də onlara qoşuluruq”.