Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış ustad şair, tərcüməçi, pedaqoq və ictimai xadim Azər Buzovnalının əsərlərindən ibarət III kitab çapdan çıxıb. Kitab A.Buzovnalının 150 illiyinə həsr edilib.

Məktubların və məqalələrin daxil olduğu kitabdakı mətnləri ərəb əlifbasından institutun  böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Bağırova transfoneliterasiya edib. O, həmçinin nəşrin tərtibçisi və ön sözün müəllifidir. Kitabın elmi redaktoru həmin şöbənin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədova, rəyçisi institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Nəşrdəki materiallar A.Buzovnalının Əlyazmalar İnstitutunun fondunda, eləcə də şəxsi arxivlərdə qorunan əsərləri əsasında tərtib olunub. 2007 və 2012-ci illərdə nəşr olunan iki cilddə şairin bədii əsərləri yer alıb. İlk dəfə tədqiqata cəlb edilən məktub və məqalələr şairin dövrün söz ustadları ilə qurduğu ədəbi əlaqələri və yaşadığı ictimai-siyasi mühiti işıqlandırmaq baxımından əhəmiyyətlidir. Məqalələr içərisində “Nizaminin tərcümeyi-halı”, “Şərq şairlərinin əsərlərində təsadüf olunan məhəbbət motivləri” kimi araşdırmalar eyni zamanda nizamişünaslıq sahəsində yeni mənbələr sayıla bilər.