Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” kitabı çap olunub.

“Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli sərəncamına əsasən işıq üzü görən monoqrafiyanın elmi redaktoru və “Mollanəsrəddinşünaslıqda yeni imza” adlı ön sözün müəllifi institutun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd və Allahverdi Məmmədlidir.

Monoqrafiyada “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti, çoxsaylı rubrikaları tədqiq edilib. Jurnalın milli istiqlal uğrunda mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ mövzusu və “Molla Nəsrəddin”in türkdilli xalqların satirik mətbuatına təsiri məsələləri tarixi-müqayisəli və elmi-nəzəri aspektdən təhlil edilib.