Avropada Kopenhagen, Amerikada Nyu York liderlik edir...
   
   Londondakı “ECA İnternational” konsaltinq şirkəti turistlər və ezamiyyətə gedənlər üçün dünyadakı ən bahalı şəhərlərin yeni reytinqini açıqlayıb.
   APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, 2008-ci ilin dekabrında açıqlanmış son reytinqdə ən bahalı şəhər Zimbabvenin paytaxtı Harare olmuşdusa, hazırda bu yeri Anqolanın paytaxtı Luanda tutub. Hazırkı reytinqin əsas nəticəsi ondan ibarətdir ki, maliyyə böhranına baxmayaraq, Asiyada yaşamaq Avropa və Amerikadan daha bahalıdır. Belə ki, Luandanın münasib ərazisində 2 otaqlı mənzilin aylıq icarə qiyməti 15 min dollar, 1 litr südün qiyməti 3 dollar, Avropadan gətirilən pendirin 200 qramı 15 dollardır. Kafedə nahar etmək isə 100 dollardan baha başa gəlir. Sonrakı 4 yeri Yaponiyanın Tokio, Naqoya, Yokoqama və Kobe şəhərləri tutur.
   Avropanın ən bahalı şəhəri Danimarkanın Kopenhagen şəhəridir. Bu sıralamada Rusiyanın paytaxtı Moskva 23-cü yerdədir. ABŞ-da ən bahalı şəhər Nyu Yorkdur. Bu şəhər ən bahalı şəhərlərin siyahısında 84-cü yerdən 17-yə qalxıb.
   Müstəqil Dövlətlər Birliyi məkanında isə ən bahalı şəhər Bakıdır. Azərbaycanın paytaxtı reytinqdə 20-ci yerdədir. Keçən ilin sonunda açıqlanmış reytinqdə isə Bakı 109-cu yerdə olub.
   Qeyd edək ki, “ECA İnternational” araşdırmalarını dünyanın 270 iri şəhərində aparıb. Bu şirkətin mütəxəssisləri 125 növ xidmət və məhsulun qiymətini araşdırıblar.

   Fəxriyyə ABDULLAYEVA