Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Elməddin Əlibəyzadənin İslamaqədərki Azərbaycan mədəniyyətinin (Şumer mədəniyyəti) öyrənilməsində mühüm xidmətləri olub. Bu il mərhum elm xadiminin anadan olmasının 95 illiyidir.

Elməddin Məhəmməd oğlu Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində dünyaya göz açıb. Yeddiillik Oğuz natamam orta məktəbini bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna qəbul olunur. Təhsilini başa vurduqdan sonra təyinatla Balakən rayonunda pedaqoji fəaliyyətə başlayır.

Gənclik illəri qanlı-qadalı İkinci Dünya müharibəsi illərinə təsadüf etsə də, təhsilni davam etdirir, 1949-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU), sonra isə aspiranturanı bitirir. Elmlər Akademiyasının Dilçilik İnstitutunda geniş elmi fəaliyyətə başlayır. “Cəlil Məmmədquluzadənin Azərbaycan dilinin saflığı uğrunda mübarizədə rolu” mövzusunda 1953-cü ildə namizədlik (fəlsəfə doktoru), 1988-ci ildə doktorluq dissertasiyası müdafiə edir. 1956-cı ildə İrəvan Dövlət Pedaqoji İnstitutuna işləməyə göndərilir. Xalqımızın tarixən ata-baba torpaqları olan İrəvan, Göyçə və digər Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın bilik və bacarığını artırmaq yolunda əzmlə çalışır. Bakıya qayıtdıqdan sonra Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-türk araşdırmaları şöbəsinə rəhbərlik edir.

Elməddin Əlibəyzadənin elmi yaradıcılığı əsasən Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətləri, dünya dinlərinin mənşəyi və təsir dairələri, ilk dini ədəbi abidə olan “Avesta” və digər məsələləri əhatə edir. Şumer-Babil mədəniyyəti və Azərbaycan probleminin araşdırılması sahəsində qazanılmış elmi nailiyyətlər Elməddin Əlibəyzadənin adı ilə bağlıdır. Alim 300-dən çox elmi əsər, o cümlədən qiymətli kitab və monoqrafiyanın müəllifidir. “Ədəbi şəxsiyyət və dil” , “Qədim dünyamızın ulu kitabı”, “Ana kitabələr”, “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr)”, “Nizami və tariximiz”, “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları”, “Azərbaycanşünaslığa giriş” və s. əsərləri elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Şairə, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Gülxani Pənah görkəmli alimlə bağlı araşdırmasında yazır ki, E.Əlibəyzadəni müasir Azərbaycanın Şumerlərlə bağlı zəngin biliyə, elmi məlumatlara malik bir şəxsiyyət, alim kimi qiymətləndirməyimizə imkan verən faktlar çoxdur. O, hər hansı bir məsələ ilə bağlı fikir söyləyəndə və  elmi məntiqi nəticəyə gələndə tələsmir. Əvvəlcə elmi arxeoloji tədqiqatlara və mənbələrə əsaslanaraq nəzəri təhlilini verir. Müqayisələr apararaq inandırıcı, həqiqi məntiqi fikirləri ümumiləşdirərək fikrini yekunlaşdırır.

Diqqətə çatdırılır ki, E.Əlibəyzadə bütün türk xalqlarının, eləcə də onun varisi Azərbaycan xalqının da “xəmiri”nin əzəldən şeirlə yoğurulduğunu vurğulayırdı. Görkəmli alim  M.Füzulinin farsca “Divanı”nın dibaçəsinə yazdığı “türkcə şeir mənim əslimin səliqəsinə uyğundur” sözlərində böyük həqiqət görürdü: “Ümumtürk kökündə “Göy tanrı dini” – “Avesta” müqəddəs dini kitabı və “Bilqamıs-Gilqamış” dastanı, türklərdə “Alp Ər Tonqa”, azərbaycanlılarda “Dədə Qorqud”, özbəklərdə “Alpamıs-Alpamış”, qırğızlarda “Manas”, başqırdlarda “Uralbatır” və s. məhz şeirlə nəsrin vəhdəti – növbələşməsiylə yaranmış dünyəvi sənət inciləridir”.

Araşdırmalarda o da qeyd edilir ki, E.Əlibəyzadə “Bilqamıs”dan fərqli olaraq “Avesta”nın keçib gəldiyi yolun daha mürəkkəb olduğunu bildirib: “Avesta” əldən-ələ düşüb, çox xalqlara təsir edib, onların həyatına, məişətinə keçib. Nəticədə hər xalq onu öz istəyinə uyğun mənimsəyib, yozub, dəyişdirib. Buna görə də “Avesta” əsl ruhunu, ilkinliyini, qədimliyini, xəlqi milli mənsubiyyətini çətinliklə mühafizə edə bilib. Nizaminin tarixi taleyi də “Bilqamıs” və “Avesta”nın taleyinə bənzəyir. Bu gün bəzi tədqiqatçılar fars dilində yazdığı üçün Nizami Gəncəvini fars şairi sayır, İran ədəbiyyatına daxil edirlər. Ancaq ağlımızın və ruhumuzun məntiqi başqa şey deyir: şairin yazı dili fars dili olsa da, ana dili türk dilidir. Yəni N.Gəncəvi əsərlərini farsca yazsa da, ruhu türk, mənəvi dünyası türk dünyasıdır...”.

E.Əlibəyzadə həm də “Bilqamıs” və “Dədə Qorqud” üzərində bəzi üslubi paralellərin müqayisəli təhlilini aparıb. Türkiyədə, İranda Azərbaycan elminin təbliği ilə bağlı geniş fəaliyyət göstərib.

Alim kadr hazırlığı ilə də məşğul olub. Onun rəhbərliyi altında bir neçə tədqiqatçı alim yetişib. O, həmçinin onlarla dissertasiyaya opponentlik edib. Milli köklərə ülvi tellərlə bağlı türkoloq alim 26 mart 2015-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV