Azərbaycan

 

21 noyabr 1926 – Ədəbiyyatşünas, yazıçı-publisist Nadir İsmayıl oğlu Vəlixanov (1926-1995) Şuşada anadan olub. Uşaq və yeniyetmələr üçün hekayə və povestlərin müəllifidir.

 

22 noyabr 1922 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922 – 20.2.1984) Gəncədə doğulub. Simfonik muğamlar (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz”), “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir. Filmlərə musiqi yazıb.

22 noyabr 1922 – Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 – 12.12.2007) Bakıda anadan olub. Kitabları: “General”, “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s.

22 noyabr 1933 – Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (1933 – 12.7.2006) Şəkidə doğulub. “Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s. filmlərin quruluşçu operatoru olub. “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s. filmlərə quruluş verib.

22 noyabr 1933 – Yazıçı-jurnalist Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib.

22 noyabr 1938 – Xalq artisti, Dövlət mükafatı laureatı Həsən Ağaməmməd oğlu Məmmədov (1938 – 27.8.2003) Salyan rayonunda anadan olub. “Böyük dayaq”, “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb. Akademik Milli Dram Teatrında çalışıb.

22 noyabr 1940 – Müğənni, skripka ifaçısı, Əməkdar incəsənət xadimi, professor Rauf Zulfüqar oğlu Adıgözәlov (1940 - 29.6.2002) anadan olub.

22 noyabr 2012 – Xalq artisti, görkəmli aktyor Yaşar Məmmədsadıq oğlu Nuri (3.9.1951 – 22.11.2012) vəfat edib. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

23 noyabr 1923 – Yazıçı, şair, jurnalist Əmrah Bala oğlu Əmrahov (1923-1988) Bakının Kürdəxanı kəndində anadan olub. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Dağ bənövşəsi” və s.

23 noyabr 1927 – Tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov (1927-2017) Bakıda doğulub. Moskvada yaşayıb, SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini, “Tarix məsələləri” jurnalının baş redaktoru işləyib. Rusiyanın Əməkdar elm xadimi, Rusiya EA-nın müxbir üzvü olub.

23 noyabr 1936 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, professor Aqşin Əlisəttar oğlu Babayev (1936 – 10.6.2020) Bakıda anadan olub. Türk ədəbiyyatına dair tədqiqatların, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir.

23 noyabr 1937 – Əməkdar artist Zemfira Nərimаn qızı Quliyeva (1937 – 3.11.1997) Gəncə şəhərində anadan olub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb.

23 noyabr 1948 – Dahi bəstəkar, publisist, pedaqoq, SSRİ Xalq artisti Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 – 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət Himninin musiqisinin müəllifidir. Azərbaycan EA-nın akademiki olub. 

23 noyabr 1999 – Xalq artisti, görkəmli teatr və kino aktrisası Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 – 1999) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi”, “Arşın mal alan” (1945), “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə çəkilib. Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb.

 

24 noyabr 1906 – Ədəbiyyatşünas Əli Nazim (Ələkbər Mahmud oğlu Mahmudzadə; 1906 – 23.8.1941) Təbrizdə doğulub. Repressiya qurbanı olub.

24 noyabr 1922 – Əməkdar artist, vokalçı  Rəhilə Muxtar qızı Cabbarova (1922 – 2.12.2002) Tiflisdə doğulub. Opera və Balet Teatrının solisti olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

24 noyabr 1924 – Rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 – 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.

24 noyabr 2001 – Əməkdar incəsənət xadimi, aktyor, sirk ustası Siyavuş Məmməd oğlu Şəfiyev (1.9.1937 – 2001) vəfat edib.  “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

 

Dünya

 

21 noyabr 1694 – Fransız şairi, mütəfəkkiri və tarixçisi Fransua-Mari Volter (Fransua-Mari Arue François-Marie Arouet; 1694–1778) anadan olub. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.

21 noyabr 1898 – Belçika sürrealist rəssamı Rene Fransua Gislen Magritt (René François Ghislain Magritte; 1898–1967) anadan olub.

 

22 noyabr 1869 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (André Gide; 1869–1951) anadan olub.

22 noyabr 1916 – Amerika yazıçısı Cek London (Jack London – John Griffith Chaney; 12.1.1876 – 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, “Dəniz canavarı” və s. romanların müəllifidir.

 

23 noyabr 1875 – Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.

 

24 noyabr 1632 – Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza; 1632-1677) anadan olub.

24 noyabr 1934 – Görkəmli Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.

Hazırladı:  Vüqar ORXAN