Azərbaycan Milli İncəsənət Muzeyi 5 oktyabr tarixində elan etdiyi “Qarabağ Azərbaycandır!” adlı müsabiqə əsərlərin qəbulu başa çatıb.

Muzeydən verilən məlumata görə, məktəblilər arasında keçirilən müsabiqə Azərbaycanın dilbər guşəsi, sənət beşiyi, istedadlar diyarı, alim, yazıçı, şair, rəssam və musiqiçilərin yurdu olan Qarabağa həsr olunub.

“Qarabağ Azərbaycanın döyünən ürəyidir. Qarabağa həsr olunmuş müsabiqənin əsas məqsədi qəlbi vətən qələbəsi, eşqi ilə çırpınan bütün məktəbliləri uzun illər həsrətində olduğu vətən torpağının səfalı yaylaqlarını, gözoxşayan ormanlarını, vüqarlı dağlarını və şairanə təbiətini vəsf etməyə, müzəffər ordumuzun şanlı qələbəsini, ərənlərin döyüşçü ruhunu təcəssüm etdirən əsərlər yaratmağa səsləmək idi”, – deyə məlumatda vurğulanır.

Müsabiqə incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalça, bədii şüşə və tikmə, ağac üzərində oyma, batika növləri üzrə keçirilib.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan əsərlər Milli İncəsənət Muzeyinin saytında (http://nationalartmuseum.az/) nümayiş olunur və internet səhifəsinin izləyicilərin rəyləri də nəzərə alınmaqla, münsiflər heyəti tərəfindən müvafiq nominasiyalar üzrə qiymətləndirəcək.

“Əziz sənətsevərlər, məktəblilərin nəhayətsiz yaradıcı təxəyyüllərinə əsaslanaraq incəsənətin bir neçə növündə yaratdığı əsərlərə səs verməyə sizləri səsləyirik. “Qarabağ Azərbaycandır!” müsabiqəsində iştirak edən hər bir kəsə dərin minnətdarlığımızı bildiririk”, – deyə muzeydən bildiriblər.