Onun milli kino sənətinə dəyərli töhfələri, ekran əsələrində ustalıqla canlandırdığı obrazları illər keçməsinə baxmayaraq, yaddaşlardan silinməyib. O, yaratdığı obrazlarla tamaşaçısını düşündürməyi bacarır, onları yüksək insani keyfiyyətlərə can atmağa yönəldirdi.

"Bir qalanın sirri"nin Elşəni, son filmi ("Yuxu") ölümündən altı il sonra ekranlara çıxan Gündüz Abbasov yaşasaydı 90 illiyini qeyd edərdi.

Noyabrın 20-də görkəmli kinoaktyor, eyni zamanda yazıçı, tərcüməçi, rəssam kimi çoxşaxəli yaradıcılığı olmuş,  heç bir fəxri ad və təltifləri almayan Gündüz Abbasovun (1930-1995) anadan olmasının 90 ili tamam olur.

Bu münasibətlə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası aktyor haqqında “Romantik obrazlar ustası – Gündüz Abbasov 90” adlı videoçarx hazırlayaraq sosial şəbəkə istifadəçilərinə təqdim edib.

Videoçarxda Gündüz Abbasovun həyat və yaradıcılığı, sənətə gəlişi, sənət yolu haqqında  məlumat verilib, “Bir qalanın sirri”, “Onun böyük ürəyi”, “Aygün”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “Dədə Qorqud”, “İşarəni dənizdən gözləyin”  və digər filmlərdə yaratdığı yaddaqalan obrazlardan söhbət açılıb. Videomaterialda aktyorun baş rolda çəkildiyi və ona böyük tamaşaçı sevgisi qazandıran, onu gənc izləyicilərin sevimli qəhrəmanına çevirən “Bir qalanın sirri” filminin çəkilişində baş verən maraqlı hadisələrdən də danışılır.

Respublika Gənclər Kitabxanası əməkdaşlarının Gündüz Abbasov haqqında hazırladıqları videoçarxa aşağıdakı link vasitəsilə baxmaq olar:

https://www.instagram.com/p/CHx9Q4FBZFk/