Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda yaratdığı və 30 ilə yaxın sürən işğal zamanı saxtalaşdırmaya, mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin dünyada yayılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra layihənin təqdimatları artıq yeni sloqan – “Mədəniyyəti Qarabağa qaytarırıq” şüarı ilə internet məkanda yayımlanır.

Bu silsilədən bir neçə tarixi-mədəni abidə haqqında məlumatı təqdim edirik.

 

Qargabazar məscidi

 

Məscid Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınıb.  Elmi ədəbiyyatlarda isə Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib, hicri təqvim ilə 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur.

Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə əsas verir.

1993-cü ildə Füzuli rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılıb.

 

Varazqun məbədi

 

Laçın rayonu ərazisində yerləşən Varazqun məbədi qədim Azərbaycan dövləti – Qafqaz Albaniyasının tarixi abidəsidir. II-V əsrlərdə inşa edilən xristian məbədinin dövrümüzə qalıqları gəlib çıxıb. Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Ehtimal olunur ki, məbədin ilk adı da Varazxan olub. 

Yüksək dağlıq ərazidə inşa edilən məbədin ərazisində VII əsrə aid qədim alban qəbiristanlığın qalıqları, həmçinin XVI əsrdə kəsilmiş Səfəvi dövlətinə aid sikkələr tapılıb.

 

Xubyarlı türbələri

 

Cəbrayıl rayonun Xubyarlı kəndindəki türbələr Orta əsrlərin yadigarıdır. Özünəməxsus memarlıq üslubu ilə XV əsrə aid edilən “Dairəvi türbə” və XVI əsrə aid səkkizguşəli türbə Cəbrayıl rayonun işğalından əvvəl bərpa olunmuşdu.

Lakin bu tarixi abidələr 1993-cü ildə Cəbrayıl rayonunun işğalı zamanı erməni vandalları tərəfindən yerlə-yeksan edilib.