Şuşa şəhəri tarixən Qarabağın əsas xalçaçılıq mərkəzlərindən biri olmuşdur. Burada xalça toxuculuğu XVIII əsrin ikinci yarısından başlamış, XIX əsrdən isə yüksək inkişaf dövrü keçirmişdir. Toxunan xalçalar xarici ölkələrə də ixrac olunurdu. Xalça tacirlərinin xüsusi marağına səbəb olan bu nümunələr rəng həllinə və kompozisiya quruluşuna görə çox möhtəşəmdir.

Ümumiyyətlə, XIX əsrdə həm Qarabağ xalçaçılıq məktəbi, həm də digər xalçaçılıq məktəbləri inkişaf səviyyəsinə görə zirvəyə çatmışdı. Məhz bu dövrdə Şuşada bir-birindən gözəlliyi, al-əlvanlığı ilə seçilən xalça kompozisiyaları toxunurdu. Bunlara misal olaraq, “Malıbəyli”, “Balıq”, “Ləmpə”, “Dəryanur”, “Xətai”, “Rüstəm və Söhrab”, “Bağçada güllər”, “Açma-yumma”, “Bulud”, “Qoca” və başqa xalça kompozisiyalarını göstərmək olar. Bu xalçalar incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilirdi.

“Malıbəyli” xalçası. Qarabağda əsas xalça kompozisiyalarından biri hesab olunur. Əsas toxuculuq mərkəzi Malıbəyli kəndi olduğu üçün yerli toxucular xalçanı bu cür adlandırmışlar.

Qırmızı yerlikli “Malıbəyli” xalçasının ara sahəsi üç böyük medalyonla tərtib olunmuşdur. Medalyonların mərkəzində dördbucaqlı element (“çarhovuz”), onların içərisində isə stilizə edilmiş “ördək” təsvirləri yerləşdirilmişdir. Medalyonun mərkəzində yerləşən dördbucaqlı elementi ətrafdan səkkiz ədəd ilana bənzər elementlər qoruyur. Bu elementlər “Əjdaha” (“Qoruyucu Əjdaha”) təsvirlərinə də bənzəyir.

Ara sahə həmçinin “qarmaqlı” (“quyrumlu”), “səkkizguşəli ulduz”, “rombvarı”, “qoşabuynuz” və s. doldurucu elementlərlə bəzədilmişdir. Ağ yerlikli ara haşiyə Qarabağ xalçalarına xas olan səkkizguşəli ulduz ilə tərtib olunmuşdur. Bala haşiyə isə “Mollabaşı” elementinə bənzər üçbucaq formalı element və “siçandişi motivləri ilə bəzədilmişdir.

Malıbəyli xalçaları həmçinin Laçın və digər toxuculuq mərkəzlərində də toxunurdu.

“Balıq” xalçası. “Balıq” kompozisiyasına daha çox dəst xalı-gəbələrdə rast gəlinirdi. Mürəkkəb kompozisiyaya malik olan “Balıq” xalçasının ara sahəsi şəbəkə əmələ gətirən rombvarı element, gül və yarpaq motivlərindən ibarətdir. Xalçada daha çox qırmızı və şəkəri rənglər üstünlük təşkil edir. Enli ara haşiyəsi də gül və yarpaq motivləri ilə tərtib olunmuşdur.

“Əfşan” kompozisiyası əsasında qurulan “Balıq” xalçaları Qarabağın Bərdə və digər toxuculuq mərkəzlərində də toxunurdu.

“Ləmpə” xalçası. Bu xalçalar da daha çox dəst xalı-gəbə formasında toxunurdu. “Ləmpə” xalçası nəbati ornamentlərlə tərtib olunmuşdur. Qırmızı yerlikli ara sahədə bir böyük və iki kiçik səkkizləçəkli medalyon və medalyonların arasında kətəbələr təsvir olunmuşdur. Həmçinin ara sahədə quş təsvirləri də verilmişdir. Xalçanın ara sahəsinin aşağı və yuxarı hissələri, bu xalçalar üçün xarakterik olan qubbalarla tərtib olunmuşdur. Ara haşiyəsi də ara sahəyə uyğun olaraq gül və budaq təsvirləri ilə bəzədilmişdir.

“Ləmpə” xalçaları da təkcə Şuşada deyil, Xocalı, Xocavənd və başqa yerlərdə də toxunurdu.

“Dəryanur” xalçası. Şuşa, Ağdam, Bərdə, Cəbrayıl rayonlarında toxunan xalçanın qırmızı yerlikli ara sahəsi müxtəlif formada olan üç medalyonla tərtib olunmuşdur. Medalyonların içərisində “Balıq” xalçalarına xas olan gül və yarpaq motivləri verilmişdir. Ara sahənin aşağı və yuxarı hissələri qubbalarla, kənar (sağ və sol) hissələri isə yarımmedalyonlarla əhatələnmişdir.

Xalçanın ana haşiyəsi rombvarı elementlərdən ibarətdir, bala haşiyələr isə kiçik gül və yarpaq elementləri ilə bəzədilmişdir. Ara sahə və haşiyə zolaqları rəng həllinə görə bir-biri ilə uyğunluq təşkil edirlər.

Ümumiyyətlə, haqqında söz açdığımız xalça kompozisiyalarına nəzər yetirsək, burada nəbati ornamentlərin üstünlük təşkil etdiyini görərik. Bu isə, əminliklə deyə bilərik ki, Şuşa şəhərinin təbiəti, ətraf mühiti ilə əlaqədar idi. Bu xüsusiyyət, həmçinin Şuşada toxunan “Xətai”, “Bağçada güllər”, “Bulud”, “Qoca” və s. xalça kompozisiyalarına da aiddir.

Əvvəllər biz bu xalçalara baxdıqda məyusluq və kədər hissi keçirirdik. Səbəb isə bu möhtəşəm xalçaların toxunduğu Şuşa şəhərinin erməni işğalı altında olması idi. 30 ilə yaxın davam etmiş işğal təkcə Şuşada deyil, bütün Qarabağda, düşmənin zəbt etdiyi şəhər və rayonlarımızda maddi mədəniyyətimizə, o cümlədən xalçaçılığın inkişafına böyük zərbə vurmuşdur.

Lakin indi, müzəffər Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad ediləndən sonra bu rəngarəng, mükəmməl sənət nümunələrimizə heç bir kədər hissi keçirmədən, fəxarətlə baxa bilərik. Ümid edirik ki, tezliklə işğaldan azad olunmuş şəhər və rayonlarımızda toxuculuq mərkəzləri yaradılacaq və xalça sənətimizin inkişafı yeni inkişaf səviyyəsinə yüksələcəkdir.

Laçın ASLANOV
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi