Avrasiya Kitabxanalar Assambleyasının XXIV Ümumi iclası onlayn formatda keçirilib. İclasa Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da qatılıb.

Videokonfransda Avrasiya Kitabxanalar Assambleyasının (BAE) prezidenti, Rusiya Dövlət Kitabxanasının baş direktorunun müavini Aleksandr Vislıy, BAE-nin baş direktoru Mariya Neryuyeva, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin Milli Kitabxanalarının rəhbərləri iştirak ediblər.

Videokonfransı giriş sözü ilə Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda açaraq konfrans iştirakçılarını salamlayıb.

MDB-yə üzv dövlətlərin ərazilərində dərc olunan çap məhsullarının məcburi nüsxələrinin elektron formada Milli kitabxanalara göndərilməsinə vahid yanaşmanın müəyyən olunması üzrə tövsiyələrin layihəsi müzakirə olunub.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında öncə bu günlər ölkəmizin möhtəşəm zəfər tarixini yaşadığını, 30 il Ermənistanın işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarının Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən azad olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Direktor işğaldan azad  olunan ərazilərdə bütün bina və qurğuların və infrastruktur obyektlərinin, o cümlədən həmin ərazilərdə fəaliyyət göstərən 975 kitabxananın və onların fondlarında saxlanılan 4,6 milyondan çox nüsxə qiymətli kitab fondlarının dağıdılıb talan edildiyini vurğulayıb.

Müzakirə olunan məsələ üzrə fikrini bildirən K.Tahirov çap məhsullarından məcburi nüsxələrin elektron formada təqdim olunmasının MDB üzrə ilk təşəbbüskarı olan Azərbaycanda bu məsələnin artıq həll olunduğunu və ölkə Prezidentinin 2019-cu ildə imzaladığı sərəncamla Milli Kitabxanaya çap əsərlərinin məcburi nüsxələrinin elektron formatda verilməsini qanunvericilik qaydasında təsbit edildiyini bildirib. O, həmçinin elektron variantın kitabxanalara təqdim olunma müddətinin 30 gündən 10 günə endirilməsini təklif edib.

Onlayn iclasda BAE çərçivəsində iştirakçı ölkə kitabxanalarının 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar həyata keçirdiyi layihələrdən, MDB ölkələrindən olan mütəxəssislərin Beynəlxalq Uşaq Kitabları Şurasının 37-ci Dünya Konqresində iştirakından bəhs olunub.

İclasda növbəti 4 il üçün BAE prezidentinin və vitse-prezidentlərinin seçkisi də  keçirilib. Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının direktorunun təklifi ilə BAE-nin növbəti, XXV Ümumi iclasının 2021-ci ilin aprelində Daşkənd şəhərində keçirilməsi qərara alınıb.