Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək yaşayış məntəqələrimizi atəşə tutması ilə başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi.

Tariximizə qızı hərflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi də ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışını rəhbər tutaraq informasiya cəbhəsində aktiv mübarizəyə başladı və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Bu barədə İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova ətraflı məlumat verib.

Onun sözlərinə görə, 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış torpaqlarımızdakı mədəniyyət abidələri, muzeylər və muzey kolleksiyaları ilə bağlı obyektiv məlumatları, bu tarixi-mədəni abidələrimizə qarşı münasibətdə erməni vandalizmini dünyaya daha geniş şəkildə çatdırmaq üçün üzərimizə böyük məsuliyyət düşür: “Biz beynəlxalq təşkilatlara müraciət edərək uzun illər Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti aparan Ermənistan tərəfindən təkcə torpaqlarımızın deyil, həm də mədəni irsimizin, memarlıq abidələrimizin mənimsənildiyini və qəsdən məhv edildiyini, onların tarixi faktları saxtalaşdırdığını, yalan məlumatlar yaydıqlarını, muzey eksponatlarının qanunsuz ixracı ilə məşğul olduqlarını və s. bu kimi həqiqətləri diqqətə çatdırırıq. Bunun üçün İCOM Azərbaycan Milli Komitəsi tərəfindən mövcud olan bütün faktlar toplanır, sonra onlar haqqında hesabatlar hazırlanır və müvafiq strukturlara məktublar göndərilir”.

Şirin Məlikova İkinci Qarabağ müharibəsi başlayandan indiyədək komitənin mədəni irsin qorunması ilə bağlı dörd bəyanat yaydığını vurğulayıb. 1 oktyabr 2020-ci il tarixli ilk bəyanatda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsinin erməni vandalizminin qurbanına çevrilməsi haqqında məlumat verilib və bu vəhşi təcavüzə son qoyulması üçün dünya ölkələrinə çağırış edilib. Bu bəyanat ICOM-un rəhbərliyinə, onun milli və beynəlxalq komitələrinə və  regional alyanslarına göndərilib, İCOM Azərbaycan Milli Komitəsinin saytında, sosial şəbəkələrdəki səhifələrində paylaşılıb. Bəyanat həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun göstərişi ilə ölkəmizin xaricdəki səfirliklərinə göndərilib, onların vasitəsilə həmin dövlətlərin mədəniyyət nazirliklərinə və digər aidiyyəti qurumlarına çatdırılıb.

İCOM Azərbaycan Milli Komitəsinin sədri müharibə dövründə Ermənistan silahlı qüvvələrinin döyüş zonasından xeyli kənarda yerləşən Gəncə şəhərini atəşə tutması nəticəsində tarixi-mədəni əhəmiyyətli obyektlərin də zərər çəkdiyini diqqətə çatdırıb. 13 oktyabr tarixli bəyanatda bu obyektlərin siyahısının təqdim olunub, eyni zamanda, erməni silahlı birləşmələrinin terror aktlarını qınaması üçün Birləşmiş Millətlər Təşkilatı başda olmaqla müvafiq qurumlara çağırış edilib.

Ermənilərin Ağdam rayonu yaxınlığındakı XVIII əsrə aid Şahbulaq qalasında qeyri-qanuni qazıntılar apararaq “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərini pozduğu, tapılmış arxeoloji materialların qanunsuz olaraq Ermənistana aparıldığı və s. faktlarla bağlı 16 noyabr tarixli növbəti bəyanatda məlumat verilib. Beynəlxalq təşkilatlardan, xüsusilə UNESCO və ICOM-dan sözügedən mədəni sərvətlərin qanunsuz daşınmasına hüquqi qiymət vermələri xahiş olunub.

Şirin Məlikova Nyu-Yorkdakı Metropoliten Muzeyinin rəhbərliyinin 17 noyabr 2020-ci il tarixində erməni mədəni irs obyektləri ilə bağlı bəyanatında qeyri-obyektiv, qərəzli mövqenin yer almasından təəssüfləndiyini də vurğulayıb: “Milli Komitə buna etiraz olaraq 20 noyabr tarixli bəyanatında Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Azərbaycana məxsus dağıdılmış tarixi-mədəni abidələrin siyahısını təqdim edib və Metropoliten Muzeyi rəhbərliyini birtərəfli, qərəzli mövqedən çəkinməyə çağırıb”.

Ş.Məlikova bir sıra ölkələrin İCOM milli və beynəlxalq komitələrinin bu bəyanatlara münasibət bildirməsini müsbət hal kimi diqqətə çatdırıb “İCOM Bosniya və Herseqovina, İCOM Türkiyə, İCOM Amerika, İCOM Peru və İCOM Etnoqrafiya muzeyləri üzrə Beynəlxalq Komitə Azərbaycan Milli Komitəsinə dəstək olaraq həmin bəyanatları öz sosial media səhifələrində paylaşıb. Bununla yanaşı, İCOM Monqolustan və İCOM Peru milli komitələri bəyanatla bağlı Azərbaycan Milli Komitəsinə dəstək məktubu göndərib”.

ICOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova Fəlakət Risklərinin İdarə Olunması  üzrə İCOM-un iki komitəsinin sədrlərinin və eləcə də İCOM-un Mirasın qorunması üzrə şöbəsinin rəhbərinin iştirakı ilə yaxın günlərdə keçiriləcək görüş barədə də məlumat verib. O, görüş zamanı dağıdılmış muzeylər və talan olunmuş eksponatlar haqqında çıxış edəcəyini, eyni zamanda,  bu məsələlərin beynəlxalq səviyyədə bizimlə birgə araşdırılması üçün işçi qrupun yaradılması istiqamətində müzakirələrin aparılacağını deyib.