Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov “Milli Qəhrəman Albert Aqarunov” ordeni ilə təltif edilib. Orden “Dədə Qorqud” Fondu ilə Dağ Yəhudiləri İcması tərəfindən təsis edilib.

Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Melih Yevdayev bəstəkara bu fəxri ordeni onun Albert Aqarunova ithaf etdiyi orkestr və uşaq xoru üçün “İn memoriam...” əsərinə görə təqdim edib.

Sözügedən əsər ilk  dəfə keçən il Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor M.Mehmandarov) və 12 saylı Uşaq musiqi məktəbi xorunun (rəhbəri L.Zalıyeva, audioyazı şəklində) ifasında səslənib.

Əslən şuşalı olan bəstəkar 1992-ci ildə Şuşanın müdafiəsi zamanı həlak olmuş cəsur tankçı, Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan ordenlə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu deyib.

Cəlal Abbasovun atası – Xalq artisti, görkəmli bəstəkar Əşrəf Abbasov Şuşada doğulub. Yaradıcılığında vətənpərvərlik və Qarabağ mövzusuna xüsusi diqqət ayıran C.Abbasov 1998-ci ildə BMT-nin mükafatına layiq görülən “Səni bir daha görə bilsəydim...” adlı 4 nömrəli simfoniyasını öz əcdadlarının torpağına – Şuşaya və şuşalılara həsr edib.

“Mən işğaldan azad edilmiş Şuşa barədə arzu ilə uzun illər yaşamışam. Bütün bu illər ərzində düşünürdüm ki, atam bu xoşbəxt hadisəni görə bilmədi. Mən mayın 8-də doğulmuşam, ancaq 1992-ci ildən sonra – bu tarixdə Şuşa işğal edildikdən sonra öz doğum günümü qeyd etməmişəm. Artıq Şuşa azaddır və onun işğaldan azad edildiyi tarix – 8 noyabr mənim həyatımda ən xoşbəxt günə çevrildi. Doğma torpağın şərəfini qoruyan hər bir əsgər və zabitin qarşısında baş əyirəm. Vətən uğrunda gedən döyüşlərdə həlak olanların xatirəsi daima yaşayacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra bizim də öz Qələbə Günümüz var”, – deyə Cəlal Abbasov qeyd edib.

“Dədə Qorqud” Fondu ilə Dağ Yəhudiləri İcmasının birgə təsis etdiyi “Milli Qəhrəman Albert Aqarunov” ordeninin üzərində “Yer üzündə sülh naminə” devizi həkk olunub. Milliyyətindən və dini etiqadından asılı olmayaraq, Azərbaycanın bəxtiyar torpağında yaşayan hər kəs üçün Albert Aqarunovun fədakarlığı Vətənə sədaqətin və böyük sevginin rəmzidir.

Qeyd edək ki, Cəlal Abbasovun əsərləri müxtəlif ölkələrdə uğurla ifa olunur, beynəlxalq mükafatlara layiq görülür. Bəstəkarın əsərləri Fransada, Rusiyada və digər ölkələrdə nəşr edilib. Azərbaycan xalqının musiqi irsinin öyrənilməsi və təbliğinə böyük diqqət ayıran bəstəkar Qarabağ, Naxçıvan, Gəncə zonalarına folklor-etnoqrafik ekspedisiyalarında da  fəal iştirak edib, elmi məqalələrin müəllifidir. Azərbaycan Milli Konservatoriyasında “İxtisas bəstəkarlıq” kursunu aparır.  2012-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.