Kəlbəcərin işğaldan azad olunması ərəfəsində bu torpağın yetişdirdyi böyük şəxsiyyətlərdən biri, Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Dədə Şəmşirə həsr olunmuş yeni kitab işıq üzü görüb.

İndiyədək Dədə Şəmşirin yaradıcılığından bəhs edən çoxlu kitablar nəşr olunub. Bu kitabda XX əsr Azərbaycanın aşıq sənətinin görkəmli simalarından biri, ulu öndər Heydər Əliyevin də dediyi kimi, “qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində böyük əməyi olan” Aşıq Şəmşirin poetik yaradıcılığından seçmələr – hikmətli kəlamları toplanıb.

Kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevdir. Müəllif yeni kitabının həm də Kəlbəcərin işğaldan azad edilməsi ərəfəsində kəlbəcərlilərə töhfə olduğunu deyir.