Vətən müharibəsi başlayanda o, Türkiyədə idi. 2019-cu ildə Antalyanın Kəmər rayonunda yerləşən hotellərdən birində animator kimi işə düzəlmişdi. Sentyabrın 27-də müharibənin başlaması xəbərini eşidən Zaur Dövlətov Vətənə gəlir və cəbhəyə yollanmaq üçün müraciət edir...

Zaur Dövlətov haqqında Türkiyə mətbuatında yazı yayımlanıb. Yeniavaz.com saytının məlumatına görə, yazıda Türkiyədəki iş yoldaşlarının Zaurla bağlı xatirələri yer alıb.

Bildirilir ki, hoteldə çalışdığı qısa vaxtda bütün iş yoldaşlarının sevimlisinə çevrilən Zaur müxtəlif səbəblərdən bir müddət buradakı işinə fasilə verir, ancaq iş yoldaşları ilə münasibətlərini kəsmir. Tez-tez görüşürlər. Vətənə gəlməzdən öncə də hotelə gedərək dostları ilə vidalaşır və söz verir ki, əgər sağ qayıtsa, növbəti mövsümdə yenidən onlarla birlikdə işləyəcək.

Hotelin müdiri Mustafa Kılıç həmin anları belə xatırlayır: “Dedim Zaur, hara gedirsən? O isə cavab verdi ki, torpaqlarımız işğaldan azad edilir. Müharibəyə qatılmalıyam. Sağ-salamat qayıdarsa, 2021-də gələcəyini bildirdi”.

Oktyabrın 5-də cəbhəyə gedən Zaur Dövlətovun  son döyüşü Şuşa ətrafında olur. Noyabrın 9-da, atəşkəsə bir gün qalmış ağır yaralanır. Təcili xəstəxanaya çatdırılır, amma 12 noyabrda şəhid olur. Bu xəbəri eşidən hoteldəki iş yoldaşları göz yaşlarını saxlaya bilmirlər.

Mustafa Kılıç Zaur haqqında bu sözləri yazır: “2019-dan şirkətimizdə işləyib, hər kəs tərəfindən çox sevilən təqdir edilən, həqiqi bir Azərbaycan türkü idi. Hər kəsin işinə yardım edər, heç kəsin qəlbini qırmazdı. Təmizqəlbli qəhrəman biri idi”.

Zaurun yaxın dostlarından biri – hotelin məlumat mərkəzində çalışan Anastasiya Selutina deyir: “İki il əvvəl eyni hotelə iş üçün gəlmişdik. Çox yaxşı, təmizqəlbli biri idi, yaxşı dost idi. İndi danışmaqda çətinlik çəkirəm. Bir yerdə işləmişik. Nə vaxt istəsək bizə kömək edirdi. Ailəsi həqiqətən çox yaxşı bir insan yetişdirib. İki ay əvvəl bizə gəlmişdi, onu görəndə çox sevinmişdim. Uzun-uzun söhbət etdik. Növbəti mövsümdə işə gələcəyini dedi. Müharibəyə gedəndə mesaj yazdı. İndi göz yaşlarımı saxlaya bilmirəm”.