Tarixi-siyasi mühit dəyişəndə hadisələrə, şəxsiyyətlərə də münasibət dəyişir. Bunu təkcə yanaşma dəyişikliyi yox, həm də gerçəkliklərin təzahürü kimi səciyyələndirmək olar. Bəllidir ki, sovet siyasi-ideoloji sistemi bir çox hallarda xalqımıza və dövlətçiliyimizə xidmət etmiş insanları cəmiyyətə tamamilə əks mövqedən təqdim edib. Belə insanlara qarşı xüsusilə 30-cu illərin repressiya dövründə sistemli ləkələmə kampaniyası həyata keçirilib. Nəticəsi də hər kəsə məlumdur...

Ömür yolu, fəaliyyəti müəmmalara bürünən, “türklərin və müsavatçıların sağ əli” olmaqda ittiham edilən, milliyyətcə alban (arnavut) olan pedaqoq, publisist Əhməd Bədi Triniç Rəcəb oğlu (1893-1937) da yeni təfəkkür işığında təqdimata ehtiyac duyulan simalardandır. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan “İttihad” partiyasının üzvü, Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın adyutantı, bir müddət “Kommunist” qəzetinin redaktoru olub. Triniç həmçinin Azərbaycan Dövlət Dram Teatrı, Azərbaycan Dövlət Konservatoriyası və “Azərnəşr”in direktoru vəzifələrində çalışıb. Bu sadalananlar uzun müddət elmi-ictimai mühitdə onun haqqında birmənalı, obyektiv fikrin formalaşmasına mane olub.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Lütviyyə Əsgərzadənin bu günlərdə çapdan çıxan “Əhməd Triniç” monoqrafiyası bu Osmanlı zabitinin taleyinə sistemli və obyektiv işıq salan hələlik yeganə nəşrdir.

Monoqrafiyanın redaktoru, filologiya üzrə elmlər doktoru, professor Cəlal Qasımov “Əhməd Triniçin elmi təqdimatı” adlı ön sözdə qeyd edir ki, bu nəşr Azərbaycan ədəbiyyatı tarixində mövcud boşluğu doldurmaq baxımından olduqca əhəmiyyətlidir. Bunu şərtləndirən əsas amil alimin yeni axtarışlar sorağında olması, unudulmuşların ədəbi-mədəni həyatdakı yerini və mövqeyini aydınlaşdırmaq, onun halal haqqını elmi-ədəbi ictimaiyyətə tanıtmaq istəyi ilə bağlıdır. Alimin bu qədirşünaslıq işi bu gün olduğu kimi, gələcəkdə də rəğbətlə yad ediləcək. Müəllifin əsəri ictimai-siyasi mühitdən, mətbuat və ədəbiyyatdan başlaması dövrün reallıqlarını, daha doğrusu, realizm prinsiplərindəki qeyri-reallıqları, sovet humanizmindəki antihumanizmi görmək və göstərmək üçün olduqca maraqlıdır. Tədqiqatçı haqlı olaraq qeyd edir ki, “bolşevik elitası” Azərbaycanda yeni sovet mədəniyyəti formalaşdırmaq məqsədilə “mədəni inqilab” həyata keçirməyə başladı ki, bu ad altında keçirilən tədbirlərin başında əsasən, “İslam dininin sıxışdırılması”, “milli mənəvi dəyərlərin özəlləşdirilməsi”, “məzmunca milli, formaca sosialist  mədəniyyəti yaratmaq”, “yeni sovet təhsili sisteminin yaradılması”, “yeni istiqamətli elm, ədəbiyyat və mətbuat”ın formalaşdırılması dayanırdı.

Lütviyyə Əsgərzadə Əhməd Triniçin ömür yolunu Makedoniyadan Türkiyə, Suriya, Gürcüstan, Rusiya və Azərbaycana qədər izləyir. Onun bioqrafiyası ilə bağlı mübahisəli və ziddiyyətli məqamlar arxiv materialları, mətbu mənbələr və müxtəlif şəxslər tərəfindən yazılmış xatirələr və məktublar əsasında dəqiqləşdirilir. Monoqrafiyada Əhməd Triniçin siyasi mənsubiyyəti, Cümhuriyyət Parlamentinin deputatı Əli Zizikski ilə əlaqələri, ölümü ilə bağlı müəmmalar barədə maraq doğurur. Müəllifin irəli sürdüyü fikir və mülahizələr onun dəqiq müşahidə, obyektiv araşdırma aparmasından soraq verir.

Tədqiqat əsərində Əhməd Triniçin NKVD əməkdaşları tərəfindən həbs edilməsinin əsas səbəblərinə diqqət çəkilir. Bildirilir ki, onun erməni daşnaklarına, onların ən yaxın havadarı olan bolşeviklərə münasibəti, habelə “Müsavat” partiyasının üzvü olması, Nuru paşaya rəğbət bəsləməsi, şəxsi yavəri olması və nəhayət, Məhəmməd Əmin Rəsulzadənin ona verdiyi dəstək Triniçin bolşevik zindanına salınmasında mühüm rol oynamışdı. Onun adının ləkələnməsində həm də Azərbaycanın hüquq-mühafizə orqanlarında kök salmış, milli düşüncə daşıyıcılarına, sözün həqiqi mənasında, qənim kəsilən erməni cəlladları xüsusi fəallıq göstərmişdi.

NKVD-nin məsul şəxslərindən olan Avanesyanın hazırladığı arayışda belə yazılırdı: “1893-cü ildə Makedoniyanın Skopye-Üsküp şəhərində anadan olan Ə.Triniç 1919-cu ildən ÜİK(b) Partiyasının üzvüdür və o, 1918-1919-cu illərdə əksinqilabi fəaliyyətdə iştirak edib, Qubanın məşhur bəylərindən Həsən bəy Şıxlarski və Əli bəy Zizikski ilə əlaqə yaradıb, Azərbaycan ərazisində cəza tədbirləri həyata keçirib. Belə ki, onun rəhbərliyi altında Bakı işçiləri, kənd zəhmətkeşləri, inqilabçı bolşeviklər güllələnib...”.

Müəllif araşdırmasında Triniçin bolşevik zindanında intihar etməsi faktını da qəbul etmir. Fikrini belə əsaslandırır ki, kiçik yaşlarında Balkan və Birinci Dünya müharibələrində, habelə Quba üsyanında (1920-ci ilin avqust-sentyabr aylarında Rusiyanın ölkəmizi işğalına qarşı) bərkiyən Əhməd Triniç intihar yolunu seçə bilməzdi.

Monoqrafiyada indiyə kimi həyatı və şəxsiyyəti sistemli şəkildə geniş araşdırılmayan Əhməd Triniçin teatr və ədəbiyyata, həmçinin mətbuata dair yazılarının, xatirələrdəki kimliyinin, ədəbi mənbələrdəki yerinin tədqiqi onun fəaliyyətinin və taleyinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacaq.

Fariz YUNİSLİ