İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində hazırlanan “Zorla erməniləşdirmə” sənədli filmi ərsəyə gəlib.

30 dəqiqəlik sənədli film Cənubi Qafqaz torpaqlarının, xüsusilə Azərbaycan ərazilərinin tarixinin saxtalaşdırılmasından bəhs edir. Qeyd olunur ki, zorla erməniləşdirmə prosesinin əsası 1828-ci ildən çar Rusiyası və erməni Qriqoryan kilsəsi tərəfindən qoyulub. Ermənilər həmin dövr ərzində Azərbaycanın maddi nemətləri ilə yanaşı, onun tarixi abidələrini, xüsusilə alban kilsələrini də mənimsəməyə başlayıblar.

Filmdə görünür ki, ermənilər alban kilsəsi xaçlarını dəyişdirir, özünəməxsus təkrarolunmaz memarlıq üslubunda yaradılmış alban abidələrini təmir adı ilə onları dağıdıb erməni üslubunda tikir, erməni xaçkarlarının xüsusi sexlərdə tirajladıqları xaçdaşlarını Azərbaycan və Gürcüstan ərazilərində - dağ və dərələrdə, işlək yolların, bulaqların kənarlarında torpağa basdırırlar. Bununla da guya ermənilərin qədimlərdə bu yerlərdə yaşamış olduqlarını sübut etməyə cəhd edirlər.

Filmdə həmçinin məşhur gürcü tarixçisi İlya Çavçavadzenin “Ermənilər və qan ağlayan daşlar” əsərindən də sitatlar gətirilir. Qısametrajlı filmdə Kəlbəcərdəki Xudavəng, Xaçınçay sahillərindəki Gəncəsər monastırları, Xocavənd rayonunun Saruşen kəndindəki iki alban məbədi, Ziyarət dağı ətrafındakı digər abidələr, Qəbələ rayonunun Nic kəndindəki Çotari kilsəsi və s. haqqında məlumatlar verilir. Bu məbədlərdəki vaxtilə alban rəsm və naxışlarının əksəriyyətinin pozulması, özündə alban və qədim türk rəmzlərini əks etdirən xaçların dəyişdirilməsi, alban dövründən qalmış divarlarda tarixi alban izlərini itirmək üçün üzlük daş örtüklə örtülməsi və s. barədə bəhs olunur.

Qeyd edək ki, layihənin rəhbəri İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının sədri, fəlsəfə doktoru, şərqşünas Fazil Abbasov, filmin ideya müəllifi “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev, ssenari müəllifi Mədəni İrsin Araşdırılması üzrə ekspert Faiq İsmayılov, məsləhətçisi Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobilidir. Azərbaycan dilində çəkilmiş sənədli filmin hazırda rus və ingilis versiyaları üzərində də iş gedir.