Döyüşçü yoldaşlarının xilaskarı – şəhid-tələbə

Onun arzusu uşaqlıqdan kinorejissor olmaq idi. Məktəb illərində Azərbaycanın və dünyanın şöhrətli kinorejissorlarının həyat və yaradıcılıqları ilə maraqlanardı, öyrənər, oxuyardı. Əsasən döyüş ruhunda lentə alınmış filmlərə baxar və bədii kitabları mütaliə etməyi çox sevərdi... Bu gün isə Zaqatala rayonunun Yeni Suvagil kəndindən olan şəhid Fəqan Vahid oğlu Məmmədovun – bir çoxumuzun kinoda görüb, kitablarda oxuduğumuz kimi – qəhrəmanlığından – real həyatda, Vətən müharibəsində göstərdiyi şücaətindən, döyüşçü yoldaşlarını necə xilas edib – özünün şəhid olmasından danışırlar...

Fəqan Vahid oğlu Məmmədov 1998-ci ilin iyun ayının 27-də Zaqatala rayonunun Yeni Suvagil kəndində sadə ailədə dünyaya gəlmişdir. Bu saxur oğlu mülayim, sakit xasiyyətinə görə anası Surət xanıma, işgüzarlıqda və vətənpərvərlikdə isə Birinci Qarabağ savaşının iştirakçısı olan atası – Vahid bəyə bənzəmişdi. İki bacının – Nurcan və Naidənin bir qardaşı idi Fəqan. Bacılarını çox istəyirdi. Hər dəfə dərsdən qayıdanda onları öpər və əzizləyərdi... Şəhid Akif Qədirov adına Yeni Suvagil kənd 2 saylı tam orta məktəbini əla qiymətlərlə bitirmişdi.

Məktəbin direktoru Cərullah Əhmədov:

– Şəhid balamız Fəqan Məmmədov məktəbimizin ən fəallarından olub. Mədəni, yüksək biliyə malik olan, məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edən şagird idi. Digər şagirdlərə də nümunə idi. Məktəbimizi müvəffəqiyyətlə bitirdi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Kino rejissorluğu fakültəsinə qəbul olundu. Birinci arzusuna qovuşdu. Arzuları çox idi. Ən böyük arzusu isə vətənpərvərlik, azadlıq, müharibə və düşməndən qisas mövzusunda filmlər çəkmək idi... Lakin, növbəti arzularına qovuşa bilməsə də, döyüş meydanında böyük qəhrəmanlıq, şücaət göstərdi, döyüşçü yoldaşlarını xilas etdi və özü şəhid oldu. Fəqan bütün Azərbaycan xalqının fəxridir və qəhrəman oğludur...

Fəqanın orta məktəbdə müəllimi olmuş Qəzənfər Yəhudov:

– Fəqan bütün dərs və məşğələlərdə olduğu kimi, hərbi hazırlıq və idman dərslərində də, əla qiymətlər alardı, onu digər şagirdlərinə nümunə göstərərdik. Hərbi hazırlıq, idman yarışlarında dəfələrlə qalib olmuşdu. Məktəbimizin fəxri idi.

Qeyd edək ki, Fəqan Məmmədov ali təhsil ocağında da fəal idi. Tələbə dostları ilə qısametrajlı filmlərə rejissorluq etmişdi. Ən böyük arzusu isə Qarabağ müharibəsi ilə bağlı çoxseriyalı film çəkmək idi.

Azərbaycanımızın, Zaqatalanın fəxri, şəhidlik zirvəsinə yüksələn Fəqan Məmmədov həqiqi hərbi xidmətini 2021-ci ilin yanvar ayında başa vurub, təhsilini davam etdirməli idi. Hərbi xidmətdə də dəfələrlə hərbi hissənin, komandanlığın təşəkkürlərini almışdı. Komandanlıq tərəfindən ona çavuş rütbəsi verilmiş və manqa komandiri təyin edilmişdi.

Vətən müharibəsi başlayanda Fəqan cəbhənin ön xəttində idi. Döyüş yoldaşları ilə  dəfələrlə erməni hərbçilərin həmlələrinin qarşısını almış, onların döyüş texnikasını, canlı qüvvəsini məhv etmişdi. Oktyabrın 6-da Ağdam istiqamətində cəbhədəki döyüş Fəqan Məmmədov üçün son döyüş oldu. O, həmin döyüşdə əsl şücaət göstərdi. Fəqan döyüşçü yoldaşları ilə birlikdə həmin gün düşmənin həmləsini qarşısını almaq üçün hücuma keçiblər, bu zaman düşmən tərəfi təslim olaraq, ağ bayraq qaldırıb. Döyüşçü yoldaşlarının bildirdiklərinə görə, Fəqan qorxu bilmədən onları təslim etmək üçün yaxınlaşmaq istəyərkən hiyləgər ermənilər hərbçilərimiz istiqamətinə partlayıcı əl qumbarası atıblar. Bu anda Fəqan özünü əl qumbarasının üzərinə ataraq – döyüşçü yoldaşlarını xilas edib. Özü isə həlak olur...

Fəqan Məmmədov Zaqatalanın mərd oğlu, bir saxur balası kimi bu igidliyi ilə adını təkcə doğulduğu rayonun, kəndin deyil, çoxmillətli Azərbaycanın tarixinə, qəhrəmanlıq salnaməmizə yazdı.

Bu günlər onun qəhrəmanlığından hamı ürəkdolusu, fərəhlə danışır. Onun göstərdiyi şücaət indiki gənclərə, gələcək nəsillərə nümunədir.

Şəhid Fəqanın qəhrəmanlığından onun universitetdə, oxuduğu fakültədə müəllimi olmuş tanınmış kinorejissor Ayaz Salayev özünün “İnstaqram” səhifəsində paylaşımlar edərək tələbəsinin igidliyi barədə ətraflı şərhlər yazıb. O, televiziya kanallarında da çıxış edərək Fəqanın göstərdiyi qəhrəmanlıqdan qəhərlə, ürək dolusu danışıb və onunla fəxr etdiyini bildirib: “Bu, bir qəhrəmanlıq epopeyasıdır, Fəqan kimilər dünyaya nadir hallarda gəlir, onlar ölmürlər, ürəklərdə yaşayırlar...”.

Qəhrəmanlığı ilə şəhidlik zirvəsini fəth edən Fəqan Məmmədovun dostları isə onun ölümünə, yoxluğuna inana bilmirlər. Dostları bir ona inanırlar ki, Fəqan həmişə arzuladığına qovuşdu: “Vətənimizin, hamımızın azadlığı uğrunda gedən ölüm-dirim savaşında əsl vətənpərvər kimi həlak oldu”.

Şəhid Fəqan Vahid oğlu Məmmədov oktyabrın 8-də bütün el-obanın, rayon ictimaiyyəti nümayəndələrinin, dostlarının, hərbçilərinin, məktəb kollektivlərinin iştirakı ilə əsl igid kimi son mənzilə yola salındı. O, Yeni Suvagil kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsi şəhidlərinin yanında dəfn olundu.

Üzərinə üçrəngli bayrağımız sərilmiş, alqırmızı güllərə, əklillərə bələnmiş Fəqanın məzarı üstündə iki kağız parçası daha çox diqqəti cəlb edirdi. Məzarını ziyarət etdikdən sonra götürüb oxudum. Bacısı Naidənin qardaşı Fəqana yazdığı məktublar idi.

Birinci məktubdan: “Salam, mənim dəyərlim, canımın yarısı qardaşım. Sənin bu gün 87 günün qaldı. Əsgər qardaşım, bilirəm ki, bu günlərdə cəbhədə şiddətli döyüşlər gedir. Sizi də, nə qədər atışmalar olsa da, bizim dualarımız qoruyacaq. Təki sən sağ-salamat qayıt gəl, əsgər qardaşım, bundan başqa arzum yoxdu...”.

İkinci məktubundan sətirlər: “Mənim əsgər, igid, qəhrəman qardaşım, sənin yolunu gülərək gözləyərdim. Amma qismət olmadı. Bizi gözüyaşlı qoyub getdin. Kaş ki, vaxtı geri ala bilsəm, uşaqlıq illərimizə qayıdardıq, gah dalaşdığımız, gah güldüyümüz illərə geri dönsək... Səni çox sevirəm, mənim şəhid qardaşım, Qəhrəman Qardaşım!”...

Ruhun şad olsun şəhid oğlumuz. Sənin haqqında dastanlar da yazılacaq, filmlər də çəkiləcək.

Elman MALİYEV
Zaqatala