“Taurus” mükafatı kaskadyorluq sahəsinin “Oskar”ı hesab edilir

Qazaxıstan Mədəniyyət Nazirliyinin sifarişi ilə türk dünyasının ilk qadın hökmdarı Tomris xatun haqqında 2019-cu ildə çəkilən film “Taurus” mükafatına layiq görülüb. “Taurus” ABŞ-dakı Dünya Kaskadyorlar Akademiyasının (DKA) kino sənətində ən yaxşı tryuklar üzrə təsis etdiyi mükafatdır və kaskadyor sahəsinin “Oskar”ı hesab edilir. Mükafatın təqdimat mərasimi hər il Los-Anceles şəhərində, “Paramount Pictures Corporation” studiyasında təşkil edilir.

“Tomris” filmi eramızdan əvvəl VI əsrdə baş verən hadisələrdən bəhs edir. Sevindirici haldır ki, filmin kaskadyor heyətinin mükafat sevincindən Azərbaycana da pay düşüb. Qazax rejissoru Akan Satayevin lentə aldığı “Tomris” filmində azərbaycanlı kaskadyor-aktyorlar da rol alıb. “Action Academy”in təsisçisi və “Sains Team”in rəhbəri Sain Fərhad (Fərmanlı) komandası ilə birgə filmin döyüş səhnələrində çəkilib.

Qeyd edək ki, Sain Fərhad komandası ilə birgə beynəlxalq kaskadyor komandası olan “Nomad Stunts”ın üzvü və Azərbaycandakı nümayəndəsidir. Komanda filmə “Nomad Stunts”ın rəhbəri Jaydarbek Kunqujinov tərəfindən dəvət edilib və heyətdə Sain Fərhad, Tural Şirməmmədov, Tural Xəlilli, Emin Abışov, Vüqar Məmmədov yer alıb.

Komandanın üzvləri mükafatın sevincini qəzetimizlə də bölüşdülər. Sain Fərhad deyir ki, filmə dəvət almağımızın əsas səbəbi beynəlxalq kaskadyor komandası olan “Nomad Stunts”a üzv olmağımız idi: “Bu, dünyada ən güclü kaskadyor komandalarından biridir. Təklif gələndə komandamın üzvləri ilə Qazaxıstana getdik. Filmin premyerasında iştirak edə bilmədik. Çünki komandamız həmin müddətdə digər bir layihədə çalışırdı. “Tomris” filmində uğurumuz göz qabağındadır. Biz kaskadyor heyəti olaraq Dünya Kaskadyorlar Akademiyasının təqdim etdiyi mükafata layiq görüldük. Azərbaycandan bu uğura imza atan ilk komandayıq. Ölkəmiz və komandamız adına çox sevinirik”.

Sain Fərhad Hindistan, Türkiyə, Ukrayna, Rusiya və digər ölkələrin layihələrində də çalışdıqlarını bildirir: “Amma mükafatı məhz tarixi janrda olan “Tomris” filminə görə aldıq. Filmin çəkilişləri ağır oldu. Yəni istənilən halda Hollivud filmində çəkilmədiyimizi bilirdik. Amma Qazaxıstan kinosu da günü-gündən inkişafdadır. Çəkiliş vaxtı təhlükəli anlar və zədələr də az olmadı. Hər gün 40-42 dərəcə istidə 10-12 saat at üzərində olurduq. İşimizi sevirik deyə bütün bunlardan həm də zövq alırdıq. Son çəkiliş Nil çayının sahilində oldu. İsti hava, gözəl mənzərə və atlarla çayda çəkilişlər işin bütün çətinliklərini unutdururdu. Doğrusu, belə mötəbər bir mükafat gözlənilməz oldu. İnandırıcı gəlmirdi. Çünki rəqiblərimiz də güclü idi. Hələlik belə böyük bir mükafatımız olmamışdı. Kaskadyorlar üçün heç bir mükafat “Taurus” qədər önəmli deyil”. 

Komandanın üzvü Tural Şirməmmədov isə bildirdi ki, bu bizim Qazaxıstanla ilk işimiz idi və uğurlu oldu: “Tarixi filmlərin geyimləri ağır olur və kaskadyor işini görmək də asan olmur. Gün ərzində 4-5 saat yatırdıq. Var gücümüzlə çalışırdıq ki, rejissor heyəti razı qalsın. Son dubl bitən kimi rejissor yerindən qalxıb azərbaycanlı kaskadyorlara təşəkkür etdi və bizimlə çalışdığına görə fəxr etdiyini dedi. Onun bu fikri bizim üçün xoş oldu. Amma çəkiliş vaxtı yıxıldım, çiynim zədələndi. 8 ay qolum işləmədi. Zədəli halda ağır səhnələri başa çatdırmağa Allah qüvvət verdi”.

Tural Xəlilli isə bu işə 2013-cü ildə Sain Fərhadın rəhbərlik etdiyi komandanın tərkibində başladığını deyir: “Artıq üç ildir ki, “Nomad Stunts” komandasının üzvüyəm. Bu sahənin özəlliyi səbir, yüksək fiziki hazırlıq və ağılla hərəkət etməyi tələb edir. Kaskadyorluq geniş sahələri əhatə etdiyi kimi təhlükəli və yüksək məsuliyyət tələb edən peşədir. Önəmli mükafatdır və işimizin bəhrəsidir. İnanıram ki, bu qalibiyyət nə birinci, nə də sonuncu olacaq”.

Biz də kaskadyorlarımızı bu nüfuzlu mükafat münasibətilə təbrik edir, yeni uğurlar arzulayırıq.

Lalə AZƏRİ