Noyabrın 26-da Şabran, Şirvan, Tovuz, Ağdam Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə “Biz qələbə qazandıq!” mövzusunda videokonfrans keçirilib. Videogörüşkonfrans şəhid general Polad Həşimovun anası Səmayə xanım, bacısı Kəmalə Həşimova iştirak etdi.

Görüşü Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgul Əliyev açaraq əvvəlcə sözü şəhid general Polad Həşimovun əzizlərinə verib.

Polad Həşimovun anası Səmayə xanım bildirib ki, biz Vətən müharibəsində qələbəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazandıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, bütün yaralı əsgər və zabitlərimizə şəfa versin.

Şəhidin bacısı Kəmalə Həşimova tədbir iştirakçılarını möhtəşəm qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, qələbəyə aparan əsas amil güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi oldu. Son 17 ildə Azərbaycan iqtisadi cəhətdən gücləndi, beynəlxalq arenada mövqeyini möhkəmləndirdi və bu müharibədə özünün hərbi və siyasi gücünü sübut edərək tarixi qələbə qazandı.

Sonra Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şabran rayon Xəqani Poeziya evinin direktoru Aybəniz Əliyar, Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülşən Vəliyeva, Şirvan Heydər Əliyev Mərkəzinin bələdçisi Səkinə Qayıbova və digərləri çıxış edərək bildiribilər ki, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Belə dəyərli övladlar yetişdirən bütün şəhid ailələrimizlə qürur duyuruq. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı. Prezidentimizin qeyd etdiyi kimi, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik göstərdi, bu birliyin, gücün qarşısında heç bir qüvvə dayana bilməzdi.

***

Noyabrın 26-da Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans keçirilib.

Mərkəzin direktoru Könül Rəhimova giriş sözündə bu günlər tariximizin əlamətdar günlərini yaşadığımızı bildirib, Vətən müharibəsində qazandığımız zəfər münasibətilə videokonfrans iştirakçılarına təbriklərini çatdırıb: “Azərbaycan bu müharibədən qalib çıxdı və bundan sonra xalqımızın birliyini dinc quruculuğa, müharibənin ağır nəticələrinin aradan qaldırılmasına yönəltməliyik”.

Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova, Ağdaş rayon Mərkəzi Kitabxanasının direktoru Seyfəddin Feyzullayev çıxış edərək  müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbədən danışaraq qeyd ediblər ki, Azərbaycan dövlətinin qarşısında duran başlıca məsələ işğala son qoymaq, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi və qazandığımız zəfərlə məqsədimizə nail olduq.

Zərdab rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva, Ağdaş Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nişanə Yusifova da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Onlayn konfransda Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrinin əməkdaşları iştirak ediblər.