UNESCO-nun Dünya İrsi Festivalı çərçivəsində onlayn forum və elmi konfrans keçirilib

Koreyanın Yeoju şəhərində UNESCO-nun Dünya İrsi Festivalı çərçivəsində  “Davamlı gələcək üçün bəşəriyyətin dəyəri” adlı Beynəlxalq onlayn forum və elmi konfrans keçirilib.

Tədbirlər UNESCO, UNESCO üzrə Koreya Respublikasının Milli Komissiyası,  Dünya Konfutsi Mədəniyyəti Fondu (WFCC) ilə Xalq Sənəti Beynəlxalq Təşkilatı (IOV) tərəfindən təşkil olunub.

Forum və elmi konfransda dil, ədəbiyyat, fəlsəfə və dini əhatə edən mövzular üzrə mədəni, regional sərhədlər, sivilizasiyalararası mübadilə və müxtəlif qarşılıqlı fəaliyyət növləri, Şərq ilə Qərb arasında dialoqda qlobal dəyərlər kimi məsələlər müzakirə mövzusu olub.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva onlayn foruma qatılıb. O, çıxışında türkdilli xalqların bir-birinə ümumi tarixi köklər, ortaq zəngin irs, dil, incəsənət, ədəbiyyat, adət-ənənələr, milli-mənəvi dəyərlər ilə bağlı olduqlarını bildirib. Fondun prezidenti ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə böyük töhfələr verdiyini, türkdilli xalqların dahi şəxsiyyətlərinin – mütəfəkkir, yazıçı, şair və alimlərinin bəşəri nailiyyətlər qazandıqlarını vurğulayıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının dəstəyi ilə təsis edildiyini, keçən il Özbəkistan və Macarıstanın da təşkilatın sıralarına daxil olduğunu qeyd edən G.Əfəndiyeva türk mədəni irsinin öyrənilməsi, qorunması, beynəlxalq aləmdə tanıdılması məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edib.

Fondun prezidenti Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağın mədəni irsindən də söz açıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda yerləşən tarixi, dini abidələrin, memarlıq və incəsənət nümunələrin işğalçılar tərəfindən məhv edildiyini deyən G.Əfəndiyeva fondun vəsaiti ilə bu mövzuda nəşr olunan kitabları izləyicilərə nümayiş etdirib.

Fondun müxtəlif ölkələrlə əməkdaşlıq əlaqələri olduğunu bildirən G.Əfəndiyeva Koreya Respublikası ilə münasibətlərin gələcəkdə daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, onlayn forum və elmi konfransa Qazaxıstan, Özbəkistan, Vyetnam, Butan Krallığının mədəniyyət nazirləri, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, mütəxəssislər, elm  adamları qatılıb.

Tədbirlər həmçinin maraqlı təqdimatlar, musiqi və tamaşaların nümayişi ilə davam edib.