Nizami Mirzənin "Qatil" kitabı haqqında
  
   «Qatil» kitabı 2006-cı ildə nəşr olunduğu «Araz» nəşriyyatının münsiflər heyəti tərəfindən «İlin ən yaxşı kitabı» adına layiq görülib, «Sarıca» povesti isə «İlin ən yaxşı əsəri» adını alıb. Kitab müəllifə «Məmməd Araz» mükafatı qazandırıb və Azər.KİVİHİ. RH-nin qərarı ilə «Qızıl qələm» mükafatına layiq görülüb.
  
   Bu gün kitab çıxarmaq adi hala çevrilib. Kimin əlində imkan var bu fürsətdən eninə-boluna istifadə etməyə çalışır, ailəsinin, hətta bütün şəcərəsinin şəkillərini bir yerə toplayıb kitab çıxaranlar nə qədər də çoxdur. Əslində buna kitab yox şəkil albomu desək, daha doğru olar. Amma nə yaxşı ki, bu kitab bolluğunda qan yaddaşımızı oyadan, milli-mənəvi dəyərlərimizi yaşadan kitablara da rast gəlmək olur. Ən son oxuduğum belə kitablardan biri Nizami Mirzənin «Qatil» adlı kitabıdır ki, məni bir oxucu kimi çox təsirləndirdi. Müəllif kitaba daxil etdiyi povest və hekayələrdə Qarabağ hadisələrini, Ermənistandan zorla qovulan həmyerlilərimizin başına gətirilən müsibətləri, 1990-cı ilin 20 Yanvar hadisələrini tutarlı boyalarla təsvir edir.
   Başlayaq «Sarıca» adlı povestdən. Qeyd edək ki, N.Mirzə bu povesti Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ithaf edib. Əsər xəbis qonşumuz olan ermənilərin bu müharibəyə çox-çox əvvəllər başladığından, Daşnaksütyun partiyasının bu işə cidd-cəhdlə hazırlaşdığından, dünyada alçaq sifətlərlə özünə havadarlar toplamış, «Suren» kimi sadiq nökərlərin köməyi ilə erməni birləşmələrinin hər cürə misilsiz cinayətlər törətməsindən bəhs edilir. Böyük Ermənistan xülyası ilə yaşayan erməni birləşmələri bütün pisliklərini həyata keçirmək üçün hər an fürsət axtarır, dünən süfrəsinin başında oturduğu, həmişə hörmət gördüyü azərbaycanlılara divan tutmağa hazırlaşırlar. Bizimkilər isə qəlbinin təmizliyindən eşitdiklərini düşmən fitnəsi hesab edir onları nələr gözlədiyini hələ təfsilatı ilə anlaya bilmirdilər. Nəticə isə göz qabağındadır.
   «Sarıca» povesti mənim də yaramı təzələdi. Düşmən əvvəlcə dağ kimi atamı aldı əlimdən, sonra ailəmizə başqa yaralar vurdu və sonra ən dəhşətlisi, doğma ev-eşiyimzdən, elimizdən-obamızdan elədi bizi. Anam deyirdi ki, evin bərəsini pozmayın, yəni evdən ayrılmaq istəmirdi, kənd alınan gün çıxmışıq kəndimizdən, az qala əsir düşəcəkdik. Diri-diri yandırılanlar, başlarına olmazın müsibətləri gətirilənlər, əsir götürülənlər azmı oldu məgər?..
   Əsərin adı Sarıca adlı bir itin adından götürülüb. Elə bir itin ki, yediyi tikəni, gördüyü hörməti, məhəbbəti unutmur və fürsət düşdükcə bu hörməti sahibinə qaytarmağa çalışır. Adi bir heyvandakı bu sifət düşmənə ibrət olaydı kaş... Beləliklə, sarıca ağır döyüşdə yaralanmış bir gənc əsgərin müdafiəçisi olur, onu öldürmək istəyən Sureni parça-parça edir. İtin də yaddaşı var və sarıca bir vaxt onun anasını, kiçik küçükləri ilə bir yerdə diri-diri torpağa gömən bu alçağı dərhal tanıyır və əcgəri xilas etməklə həm də öz heyfini almış olur.
   Müəllifin Qarabağ mövzusunda qələmə aldığı «Qatil» adlı hekayəsi də böyük təsir gücünə malikdir. Doğma ata-baba yurdundan, isti ocağından ayrılmaq məcburiyyətində qalan ata öz övladının qatilinə çevrilir, təki namusumuz düşmən əlinə keçməsin deyə. Ata hər şeyə dözər, amma bu, ata ürəyidir, dözərmi, bu qədər ağır yükə və atanın ürəyi belə bir yükə tab gətirmir...
   «Sonuncu güllə» hekayəsində isə Ermənistandan, doğma yurd-yuvasından vəhşicəsinə qovulan həmyerlilərimizin başına gətirilən müsibətlərdən bəhs edilir. Bir yerdə yaşayan, qohumluq əlaqələri quran, mehriban qonşuların arasına nifaq toxumu səpilsə də illərlə bir-birinə hörmət bəsləyən bu adamlar ən çətin anlarda da bir-birinin köməyinə gəlir. Amma bu da heç nəyə yaramır və düşmən istədiyinə nail olur. Atasından ayrı evlərini tərk etməyən gənc Süsən nəhayət atası ilə birgə düşmən əhatəsinə düşür. Ata doğma balasının düşmən caynağına keçməsin deyə, sonuncu gülləsini doğma övladının sinəsinə sıxır. «...Mərdan donuq gözləriylə qızının yerə uzanmış meyitinə baxırdı. «Haradasa «Vağzalı» çalınırdı, ata qızına xeyir-dua verib yola salırdı.
   Haradasa bir ağbirçək qarının meyiti basdırılmadığından iylənirdi.
   Haradasa ixtiyar bir qoca qaçanlarla ayaqlaşa bilməyib yol qırağında donurdu.
   Haradasa gənc bir ana düşməni duyuq salmasın deyə qucağında ağlayan körpəsini boğurdu.
   Haradasa...
   Haradasa...»
   «Qanlı qərənfil» hekayəsində müəllif 1990-cı ilin 20 Yanvar faciəsindən bəhs edir. Vəhşiliklə, güc ilə hər şeyə nail olacağını düşünən, əslində isə içindən çürüyən sovetin ordusu günahsız millətimizin üstünə tanklar yeridir, evində dinc oturmuş insanlarımızı qanına qəltan edir. Fəqət xalqın azadlıq eşqi, güclü iradəsini heç nə sarsıda bilmir və Şəhidlər Xiyabanı millətimizin and yerinə çevrilir...
   Cavid nişanlısı Bənövşənin görüşünə tələsir. Amma bu vaxt xalqın başı üzərində qara buludlar dolaşırdı. Gözləri ilə nə qədər vəhşiliklər görən Cavid nəhayət ki, Bənövşəgilin qapısına yaxınlaşır. Elə bu zaman kürəyindən vurulur. Güllə kürəyindən keçib sinəsindən çıxır. Hər gün nişanlısına üç qərənfil bağışlayan Cavid neçə saat idi ki, gülləri pencəyinin döş cibində gəzdirmişdi. Qərənfillərdən biri yaralı itin başına sığal çəkərkən düşmüş qalan bir cüt qərənfil isə onun al qırmızı qanına boyanmışdı.
   Nizami Mirzə kitaba Qarabağ hadisələrini əks etdirən yuxarıda az da olsa haqqında söhbət açdığımız əsərlərilə yanaşı digər mövzularda olan yazılarını da daxil edib. «Mavi gözlər» povesti barədə bir oxucu kimi onu deyə bilərəm ki, çox oxunaqlı, cəlbedici əsərdi. Hadisələrin uzun-uzadı təsvirindən çox burada konkret məsələlər qoyulmaqla onların cavabı axtarılır. Əsərdə həyatın əsl mənasından, vəfa, etibar, saf sevgidən söhbət açılır, enişli-yoxuşlu yollarda kiminsə nəfsinin qurbanı olan adamların acınacaqlı həyatından bəhs edilir. Amma gec də olsa doğmalarına qovuşan adamların sevinci sonda oxucunu da sevindirir.
   Müəllif «Açılan gözlər» hekayəsində də maraqlı həyati məsələlər qoyur. Gec də olsa haqq-ədalətin öz yerini tutduğunu oxucusuna çatdıran müəllif insanı onun iç gözünün daim açıq olmasına çağırır.
   «Yanıq Kərəmi» hekayəsində insanlığın, sevginin, səmimiyyətin qorxaqlıq, saxtalıq üzərindəki qələbəsindən bəhs edilir.
   «Qönçə qızılgül» hekayəsi isə adı Vətən kimi müqəddəs olan analarımıza həsr edilib. Oğul həyatın eniş-yoxuşlu yollarında çox büdrəyir, amma nə yaxşı ki, sonda ürəyində qüvvət, dizlərində taqət tapır, onu min bir əziyyətlə boya-başa çatdıran anasına doğru yol almaq üçün. Və dünyanın ən gözəl güllərini ona bağışlamaq, ən xoş sözlərini doğma anasına söyləmək üçün...
   ...Nazlı-qəmzəli qayınanasına məcburiyyət qarşısında qalıb qızılgüllər almaq üçün Azad nə qədər əziyyət çəkir. Amma nə yaxşı ki, bu qönçə qızılgüllər bir təsadüf nəticəsində doğma, xeyirxah anasına qismət olur.
   « - Ana, qurban olum, ay ana. Nə yaxşı burdasan, fikirləşirdim indi evdə təksən, darıxırsan.., yolumu gözləyirsən, nə yaxşı bu adamların arasındasan, nə yaxşı... Al, al bu gülləri...
   ...bayramını təbrik edirəm, ay ana - dedi və gülləri anasının qucağına qoydu, əyilib üz-gözündən öpdü».
   Müəllifin kitaba daxil etdiyi yumoristik hekayələri, «Soldış olmağın böyük bəlası» adlı yumoristik novellası və «Səninləyəm hər an» adlı mənsur şeirini də maraqla oxudum. Və düşünürəm ki, belə bir imzanı oxumağa dəyər.

Mina Rəşid