Noyabrın 30-da Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində UNESCO-da növbəti plenar iclas keçirilib. İclasda UNESCO Baş Konfransının prezidenti Altay Cengizer, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev iclası giriş sözü ilə açaraq, gündəliyi təqdim edib.

Sonra qurumun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək, Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini alqışlayıb, QH-nin beynəlxalq siyasətdə mühüm rolundan söz açıb. O, UNESCO İcra Şurasında üzv dövlətlərin seçilməsi müddətinə dair qurumun nizamnaməsində ediləcək dəyişikliklər haqqında məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Ayaz Qocayev Qoşulmama Hərəkatına Azərbaycan sədrliyinin birillik fəaliyyət hesabatını təqdim edərək, həyata keçirilmiş işlər barədə məlumat verib. Bildirib ki, ölkəmizin sədrliyi ilə bir sıra onlayn görüşlər keçirilib, COVİD-19 pandemiyasına qarşı birgə mübarizədə dünya ölkələri səfərbər edilib. Bununla bağlı Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılacağı diqqətə çatdırılıb.

A.Qocayev UNESCO İcra Şurasının dekabrda keçiriləcək 210-cu sessiyasında Qoşulmama Hərəkatının sədri qismində ölkəmizin bəyanatı haqqında da məlumat verib. Bildirilib ki, Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin Bandunq prinsiplərinə uyğun olaraq möhkəmləndirilməsində əsas rol oynayıb və sülh mədəniyyətinin təşviqinə dair daim çağırışlar edir.

UNESCO-nun mədəni ifadələrin müxtəlifliyinin qorunması və təşviqi Konvensiyasının vacibliyi də diqqətə çatdırılıb. Qoşulmama Hərəkatına üzv dövlətlər mədəni müxtəliflik sahəsində fəaliyyəti gücləndirmək məqsədi ilə ümumdünya bəyannaməsində yer alan prinsiplərin təbliği üçün UNESCO ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə ediblər. Silahlı münaqişələrdə mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının və iki Əlavə Protokolunun vacibliyi bildirilərək, sənədi hələ ratifikasiya etməyən dövlətlər bu addımı atmağa dəvət ediliblər. Qoşulmama Hərəkatına üzv ölkələr UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyasına sadiq olduqlarını bildiriblər.

COVİD-19 pandemiyası dövründə ölkələrə təlim prosesinin davamlılığını təmin etmək üçün UNESCO tərəfindən irəli sürülmüş qlobal təhsil Koalisiyası da Qoşulmama Hərəkatı tərəfindən alqışlanıb və dəstəklənib. Üzv dövlətlər qarşılıqlı maraq doğuran məsələlərin inkişafı üçün UNESCO ilə əməkdaşlığı  davam etdirməyə hazır olduqlarını qeyd ediblər.

Plenar iclas müzakirələrlə davam edib.