Tənhalıq və yalnızlıq mənəvi qurtuluş ola bilər

“YARAT” Müasir İncəsənət Məkanı “Öz adanı kəşf et” adlı yeni sərgi layihəsini təqdim edir. Dekabrın 1-də açılan sərgi XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində nümayiş olunur. Həm şəxsi, həm də ictimai kolleksiyalardan təşkil olunmuş sərgi keçən əsrin 80-ci illərinin sonları – 90-cı illərin birinci yarısında müxtəlif nəsillərin nümayəndələri olan 21 Azərbaycan rəssamı tərəfindən yaradılmış əsərlərdən ibarətdir. Əsərlərin bir çoxu geniş ictimaiyyətə ilk dəfə olaraq təqdim edilir.

Sərgidə tanınmış rəssamlar Şamo Abbasov, Məlik Ag­̆amalov, Çingiz, Elnur Babayev, Heybət Babayev, Rasim Babayev, Müslüm Eldarov, İrina Eldarova, Kamal Əhməd, Eliyar Əlimirzəyev, Müseyib Əmirov, Hüseyn Haqverdiyev, Ucal Haqverdiyev, Rəşid İsmayılov, İnna Kostina, Eldar Qurban, Sənan Qurbanov, Nazim Rəhmanov, Səbinə Şıxlinskaya, Teymur Daimi və Mir Nadir Zeynalovun əsərləri nümayiş olunur.

Sərginin konsepsiyası ümid və məyusluq, müharibə və sevgi, ölüm və dirçəliş kimi əbədi ekzistensial mövzulara müraciət üzərində qurulub. Tarixi nöqteyi-nəzərdən layihə Sovet İttifaqının süqutu dövründə incəsənətə həsr olunub. Azərbaycanda SSRİ-nin dağılmasından sonrakı illər, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalı ölkə tarixində ən faciəli səhifələrdən biridir. Bu baxımdan sözügedən sərgi əsas etibarilə yaddaş, tarixi irs və milli özünüdərk prosesi haqqındadır.

SSRİ-nin süqutundan sonra incəsənət öz keçmiş soyuqluğunu və şərtiliyini itirərək, həyatın nisbətən daha fəal hissəsinə çevrildi. Azərbaycanda baş verənlər müəyyən mənada zaman ölçüsündə “sınma” kimi sayıla bilər. Zaman nə irəli gedir, nə də geri çəkilirdi: insanlara elə gəlirdi ki, sanki zaman dayanıb. Bunun səbəbi isə təkcə müharibə və onun acı nəticələri deyildi. Bu həm də qaçqın və köçkünlər, iqtisadi tənəzzül və siyasi anarxiya, həmçinin yenidənqurma illərində yaranmış “yeni” həyat ilə bağlı müəyyən ümidlərin iflasa uğraması ilə bağlı idi. Məhz bu “zamansızlıq” dövründə rəssamlar, musiqiçilər və şairlər hər cür konyunkturadan azad, son dərəcə güclü mənəvi intensivliyə malik əsərlər yaradıblar. Maraqlısı budur ki, o dövrün bir çox əsərlərini rəssamlar öz emalatxanalarında saxlayırdılar; çünki incəsənət bazarı bu cür faciənin impulsundan qaynaqlanan incəsənətlə yox, əzəmət və gözəllik mövzusu ilə maraqlanırdı...

“Öz adanı kəşf et” sərgisi 1988-ci ildən 1996-cı ilədək olan dövrün tarixi hadisələrini məcazi şəkildə əks etdirən üç hissədən ibarətdir: “Dəyişiklik üçün ümidlər və qaçılmaz fəlakətin gözləntisi” dövrü, “Faciənin baş verməsi: müharibə və onun nəticələri” dövrü və “Həyatın canlanması və tunelin sonunda işıq” dövrü.

Sərgi bədii əsərlər, həmin dövr cəmiyyətinin vəziyyətini və əhval-ruhiyyəsini vizuallaşdırmaqla, həmin illərin sənədli fotoşəkilləri və xronikal videomateriallarla birgə təqdim olunur.

Ekspozisiyaya Müasir İncəsənət Muzeyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər daxildir. Layihənin kuratoru Səbinə Şıxlinskayadır. Sərgi gələn il mayın 30-dək ziyarət üçün açıq qalacaq.