“Savaşmaq istəyirsinizsə, öz düşüncələrinizlə savaşın”

Yadımdadır, universitetdə oxuduğum illərdə müəlliməmiz bizə deyərdi: “Heç vaxt çarəsizlik hissinə qapılmayın. Çarəsiz olduğunuz zaman bilin ki, çarə sizsiniz”. Həyat mübarizədir. Yalnız mübarizə apardığın halda sən bu həyatda yaşamağa qadirsən.

12 yaşından əlil arabası istifadəçisi olan Mətanət Quliyeva (Qüdsi) bu baxımdan bir çoxlarına örnəkdir. O, 1997-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Gəncə Dövlət Regional Kollecinin Təsviri incəsənət müəllimliyi fakültəsini bitirib. 13-14 yaşlarından şeir yazır.

Mətanət Qüdsi, həmçinin Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai Birliyinin təsisçisidir, müxtəlif layihələrin rəhbər olub. Həyat devizi “Savaşmaq istəyirsinizsə, savaşmağı sevirsinizsə, başqaları ilə deyil, öz düşüncələrinizlə savaşın, öz “olmaz”larınızla savaşın” olan gənc şairə ilə müsahibəni təqdim edirik.

 

– Mətanət xanım, ilk olaraq oxuculara özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

– Etsə-etsə, dünyanı sevgi xilas edəcək şüarı ilə yaşayan, hər kəsi sevgiyə səsləyən, hər cümləsində ən önəmli işimizin sevmək, ilahi eşqə doğru yol almaq olduğunu xəbər edən, enerjisinin yaratdığı möcüzələrə inanan qadın...

 

– Bədii yaradıcılığa nə vaxt başlamısınız?

– Özümü dərk etdiyim gündən məişət gündəliyimdə, davranış və yanaşma tərzimdə belə yaradıcılıq olub.

 

– İlk kitabınız “Kəpənəyin saldığı yol” adlanır...

– Yazmağa 13-14 yaşımdan başladım. İndi xatırlayıram ki, havası daha əvvəllər gəlirmiş sən demə. Məhz həyatımın inqilabi hadisəsi də, o “Sarı kəpənək”lə başladı. Bir gün özümü otluqda, yanımda da bir kəpənəyin olduğunu xəyal etdim. Həmin gün baş verən o hadisə sayəsində həm yeni Mətanət, həm də şairə qadın doğuldu. Artıq bu yol yazmaq idi. Beləcə illər məni gətirib 2015-ci ilə çıxardı və “Kəpənəyin saldığı yol” adlı ilk “övladım” dünyaya gəldi.

 

– ”Mən o qadınam” sosial kitabı necə yarandı?

– Hər bir qadının, “mən o qadınam ki...” deyə başladığı və bəzən də bitirdiyi, sətirlərə çevrilməyən duyğuları var. “Mən o qadınam” kitabı həmin adda yazdığım esse ilə başladı. Hiss etdim ki, bu, kitab halına gələrsə, əsərdə hər qadından ən azı bir cümlə olacaq. Bir də ki, qələmimə verdiyim bir sözüm də var. Söyləmək istəyirəm ki, mən qadınlar üçün daim bağıran cümlələr yazacağam. Bu qələm onlar üçün heç vaxt susmayacaq.

 

– ”Qüdsi” təxəllüsü hardan gəlir?

– Qəribə tarixi var. Sadəcə tək və fərqli olmaq istəyi ilə beynimi axtarışa verdiyim gün ədəbiyyat müəllimimlə yüzlərlə söz içindən burda dayandıq. Səslənməsi və nadir tələffüzündə məni tərpətdi. Mənasının isə müqəddəs olmağı bu işi tamamladı.

 

– Bu il Gənclər üçün Prezident mükafatına layiq görülən 10 gəncdən birisiniz.

– Bu ali mükafata layiq olmaq möhtəşəm duyğudur. Həyatı mənfi sıfırdan başlayan və məhdudiyyətlərə meydan oxuyan bir gənc kimi qürur duyuram. Eyni zamanda bu mükafatı bütün əlilliyi olan şəxslərin uğuru hesab edirəm. Bu dövlətin önəmli diqqətidir. Bunun üçün, möhtərəm prezidentimizə dərin təşəkkürümü bildirirəm.

 

– Bir az da Qarabağ mövzusuna toxunaq. Vətən müharibəsi illərində şanlı Ordumuza dəstək məqsədilə layihəniz oldumu?

– Vətən müharibəsi başlayan kimi, biz də 250-dən aktiv sosial şəbəkə iştirakçısı ilə “Qarabağ Azərbaycandır!” devizi altında informasiya savaşına qoşulduq. Dağlıq Qarabağ həqiqətlərini tarixi faktlarla müxtəlif dillərdə yaymaqla öz olduğumuz postda Vətənə xidmət edirdik. Hesab edirəm ki, XXI əsrin ən böyük savaşı informasiya savaşıdır. Arxa cəbhədə bu savaşı aparmaq mənim üçün böyük fəxr idi. Qəhrəman hərbçilərimiz hiss etməli idi ki, onlar tək deyil. Çox şükür ki, millət olaraq bu müharibədən üzüağ çıxa bildik. Bu zəfəri Vətən müharibəsində şəhid və qazi olan oğullara borcluyuq.

 

– Yaxın zamanlarda qələbə mövzusuna həsr olunmuş əsər yazmağı düşünürsünüzmü?

– Açığı, həmin günlərdə biri necə dəfə cəhd etdim ki, yazacağam, başlayacağam. Hətta, kitabın formatı da hazır idi. Cəhd etmək və qələmi kağıza yaxınlaşdırmaq o qədər ağır və acı idi ki, etiraf edim gücüm çatmadı. Ruhum yer tapa bilmirdi. Bu, o boyda ruhla kiçik bədənin savaşı idi... Ancaq bir neçə yazı yazmışam. Amma dinə bilməyən onlarla xatirələr var. İnanmıram ki, həmin xatirələr daxilimdə lal-dinməz qalsın. Bir gün onlar mütləq yazıya çevriləcək.

 

– Sizə yeni yaradıcılıq uğurları arzu edirik.

– Çox sağ olun. Mən də “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürümü bildirir, nailiyyətlər diləyirəm.

Nurəddin MƏMMƏDLİ