Bu gün toxuculuq (tekstil) məmulatları hər bir insanın mədəni həyatının əhəmiyyətli hissəsini təşkil edir. Bütün bu ənənələri dəyərləndirməyin vacibliyini nəzərə alaraq, gələn ilin 31 avqust – 4 sentyabr tarixlərində “Selvedge” Dünya Satış Sərgisi təşkil ediləcək. Geyim mədəniyyəti və yaradıcılığı bayramı olan bu sərgidə dünyanın müxtəlif ölkələrindən sənətkarların təqdim etdikləri məhsul kolleksiyaları mütəxəssislər tərəfindən ayrı-ayrı kateqoriyalar üzrə qiymətləndiriləcək.

Redaksiyası Londonda yerləşən “Selvedge” jurnalı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova ikinci “Selvedge” Dünya Sərgisinin seçim komissiyasının tərkibində iştirak üçün dəvət olunub.

Orijinallığına, dizaynına, davamlılığına, sənətkarlıq xüsusiyyətlərinə, keyfiyyətinə və s. meyarlara görə münsiflərdən müsbət rəy alan tekstil istehsalçılarının kolleksiyaları sərgidə nümayiş etdiriləcək. Tədbirdə 50-dən artıq ölkənin tekstil ənənələri təqdim olunacaq və sənətkarların hər biri üçün bərabər imkanlar yaradılacaq.

Bu il olduğu kimi, “Selvedge 2021” Dünya Satış Sərgisi də onlayn təşkil olunacaq və tədbir çərçivəsində virtual seminarlar, görüşlər, panel müzakirələri baş tutacaq. Azərbaycan Milli Xalça Muzeyi sənətkarları, dizaynerləri, şirkətləri, qeyri-kommersiya təşkilatlarını “Selvedge 2021” Dünya Satış Sərgisində iştirak etməyə dəvət edir.