Əzəli torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşına qələbə sevinci yaşadaraq, arxa cəbhədə də elm, təhsil və sənət adamlarını da bu işdə mübariz etdi.

Vətən müharibəsi zamanı Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin təşəbbüsü ilə həyata keçirilən “Qarabağ Azərbaycandır!” layihəsinin yaradıcı heyəti tərəfindən təqdim olunmuş “Zəfər” xoreoqrafik kompozisiyasından sonra daha bir uğurlu iş ərsəyə gəlib. Bu dəfə layihə çərçivəsində Laçın rayonunun işğaldan azad olunmasına həsr olunmuş “Laçın” xoreoqrafik kompozisiyası təqdim olunub.

Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynovanın quruluşçu xoreoqrafı olduğu  kompozisiya mahir sənətkar İmamyar Həsənovun kamançada ifa etdiyi “Laçın” xalq mahnısı üzərində qurulub. Peşəkar rejissor Qalib Bağırovun fərqli yanaşma tərzi ilə lentə aldığı kompozisiyada rəqsin ifaçısı Bakı Xoreoqrafiya Akademiyasının II kurs tələbəsi, Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatı Zəhra Tanrıverdiyevadır. Kompozisiyanın əvvəlində BXA-nın Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əhsən Əhmədovun muğam ifası rəqsin daha ifadəli şəkildə tamaşaçıya çatdırılmasına zəmin yaradır.

BXA-nın “Qarabağ Azərbaycandır!” layihəsi çərçivəsində nəzərdə tutulmuş musiqili-xoreoqrafik yaradıcılıq işləri davam edir və yaxın zamanda görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının musiqisi əsasında “Zəfər sevinci” adlı yeni xoreoqrafik kompozisiya təqdim olunacaq. Layihənin baş məsləhətçisi Xalq artisti, dosent Təranə Muradova, rəhbəri isə Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimovadır.