“Qutadğu bilig” əsərinin 950 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfrans

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Yusuf Balasaqunlunun (Yusuf Has Hacib) “Qutadğu bilig” və bu əsərin öyrənilməsinin aktual problemləri” adlı beynəlxalq onlayn konfrans keçirilib.

Şərq ədəbiyyatının bu qədim və misilsiz nümunəsinin 950 illiyinə həsr edilən konfransa Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, İran və Misirdən alimlər qatılıb.

Ölkəmizi tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov təmsil ediblər.

Özbəkistan ali və orta təhsil nazirinin müavini Uzakboy Beqimkulov, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, Türkiyənin Özbəkistandakı səfiri Mehmet Surayya Er, Azərbaycan səfiri Hüseyn Quliyev və başqaları təbrik nitqi söyləyiblər.

Ramiz Əskərin “Qutadğu bilig”in biblioqrafiyası”, Elçin İbrahimovun “Türk dünyasında dil siyasətinin meydana gəlməsində əsərlərin rolu: “Qutadğu bilig”in araşdırılması tarixi” mövzularında məruzələri maraqla dinlənilib.

Konfransda vurğulanıb ki, qədim türk yazılı ədəbiyyatının misilsiz abidəsi olan “Qutadğu bilig” əsəri kamil insan, dövlət və ictimai idarəetmə sistemi, bilik almağın əhəmiyyəti, mənəviyyat, mədəniyyət, fəlsəfə anlayışları, uşaqların tərbiyəsi haqqında fikirlər və mülahizələr toplusudur.

Alimlər əsərin poetikasından, dünyəvi əhəmiyyətindən, dil və üslub xüsusiyyətlərindən, mətnlərin tədqiqatından, Yusuf Has Hacibin irsindən, Şərq sivilizasiyasının inkişafından, klassik irsin öyrənilməsi sahəsində yeni mütəxəssis nəslinin yetişdirilməsindən, dünya şərqşünaslıq elmi qarşısında duran vəzifələrdən söhbət açıblar.