Dövlət Rəsm Qalereyası növbəti virtual sərgiyə hazırlaşır

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə dekabrın 14-də saat 19:00-da “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılacaq.

Dövlət Rəsm Qalereyasından verilən məlumata görə, sərgi milli incəsənətimizin incilərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti artırmaq məqsədilə təşkil olunacaq.

Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan Tahir Salahovun “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanovun “Xalçatoxuyan”, Rasim Babayevin “Ailə”, Toğrul Nərimanbəyovun “Görüş”, Maral Rəhmanzadənin “Gözəl kəndimiz”, Altay Hacıyevin “Qədim qab-qacaq seriyası. Səhənglər”, Xanlar Əhmədovun “Yaralı əsgər”, Həyat Abdullayevanın “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarovun “Neftçilər” və s. qiymətli əsərlər yer alacaq.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.