Qələbədən sonra toy etməyi düşünürdü...

İşğal altındakı torpaqlarımızın hər qarışı şəhidlərimizin qanı hesabına azad edildi. Onların hər biri bizim üçün doğmadır, əzizdir. Vətən müharibəsində adını qəhrəmanlıq tariximizə yazdırıb əbədiyyətə qovuşan şəhidlərimizdən biri də Ağstafanın Göycəli kəndində doğulub boya-başa çatmış gizir Turan Məmmədlidir.

Vətən müharibəsinin ilk günündən döyüş meydanında olan Turan Məmmədli  Cəbrayıl rayonunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olub.

Döyüş yoldaşları bu günlərdə Turanın ailəsini ziyarət edib. 44 günlük müharibədə ayağını itirən döyüş yoldaşı Nurlan Məmmədli Turanın əsl dost, vətənpərvər, döyüşkən ruhlu hərbçi olduğunu deyir: “Turanla bir döyüşə girdik. Onun üzündən heç bir zaman təbəssüm əksik olmurdu. Qələbədən sonra ilk işi toy etmək olacaqdı. Döyüşlər başlamamışdan qabaq toyunun vaxtını planlaşdırmışdı. Hər ikimizin məzuniyyəti qalmışdı. Mənə döyüşdən qabaq telefonunun kodunu dedi. Sanki ürəyinə dammışdı şəhid olacağı...”.

Şəhidin atası Raqif Məmmədov oğlanlarının kiçik yaşlarından hərbçi olmalarını arzulayıb, onları bu ruhda böyüdüb. “Övladın Vətəni qoruması hər bir valideynin şərəfidir. Əgər onun övladı döyüşürsə, bu, valideynin baş ucalığıdır. Üç oğlum var. İkisi hərbçi olub, biri ehtiyatda olan gizirdir”, – deyə şəhid atası bildirir.

Şəhid Turan Məmmədlinin həyatında 7 rəqəmi xüsusi önəm daşıyıb. Dekabrın 7-də anadan olub. 27 yaşı tamam olacaqdı... Ötən il noyabrın 7-də nişanı olub. Toyunu da qələbədən sonra etməyi planlaşdırmışdı... Oktyabrın 7-də şəhidlik zirvəsinə yüksəldi. Allah rəhmət eləsin.