Doğma Qarabağımızı mənfur düşməndən azad etmək uğrunda Vətən müharibəsi ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfər tariximizə şanlı səhifə yazdı. Əsrə bərabər 44 gün xalqımıza qürurverici qəhrəmanlıq salnaməsi bəxş  etdi...

Qarabağ – uzun illər ən böyük saxtakarlığa məruz qalan, müxtəlif yollarla, şişirdilmiş, uydurma faktlarla özgəninkiləşdirilməyə (erməniləşdirilməyə) çalışılan tarixi torpağımızdır. Əzəli Azərbaycan torpaqlarında erməni dövləti yaradıldıqdan sonra erməni tarixçiləri arasında Qarabağ ərazisinin qədim erməni torpağı olması haqqında uydurma konsepsiya yaradıldı və ictimaiyyətin beyninə yeridildi. Bu konsepsiyanın kökündən yanlış olduğunu təkzibedilməz faktlarla sübuta yetirmək bir o qədər də çətin deyil, lakin onun dünya ictimaiyyətinə çatdırılması xeyli çətinliklər yaradır. Bu baxımdan Moskva şəhərində yerləşən Rusiya İmperiyası Xarici Siyasət Arxivi (Архив Внешней Политики Российской Империи) və Rusiya İmperiyası Hərbi Tarix Arxivinin (Российский Государственный Военно-Исторический Архив) müxtəlif fondlarından əldə etdiyimiz materiallar əsasında Qarabağ xanlığının, həmçinin Qarabağın incisi sayılan, elm, mədəniyyət mərkəzi, çoxsaylı tarixi-memarlıq abidələri ilə seçilən, tarixi mənbələrdə “alınmaz qala”, “Fermopil keçidi” adlandırılan Şuşa şəhərinin hələ XVIII əsrdə regionu ələ keçirməyə çalışan qüvvələrin daim diqqət mərkəzində olduğunu izləmək mümkündür.

Tarix boyu ermənilərin “Böyük Ermənistan” dövləti yaratmaq xülyası “xristian himayəçiliyi” pərdəsi altında müstəmləkəçilik siyasəti yeridən Rusiya İmperiyasının mənafeyinə uyğun gəlirdi. Hindistanı və Yaxın Şərqi işğal etmək arzusunda olan Çar Rusiyasına Türkiyə, İran və Azərbaycan sərhədləri qovuşuğunda etibarlı dayaq yaratmaq lazım idi ki, əlverişli şərait yetişən kimi həmin ərazidən hərbi platsdarm kimi istifadə edə bilsin. I Pyotr dövründən (1682-1725) başlanan bu siyasət XVIII əsrin ikinci yarısında – II Yekaterinanın hakimiyyəti dövründə (1762-1796) daha da fəallaşdı.

Hələ 1750-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xanın (1748-1763) göstərişi ilə inşası başlayan yeni şəhər-qala – ilk illərdə Pənahabad, sonralar isə bu yerin qədim adı ilə Şuşa adlandırılan şəhər 1756-cı ildə xanlığın daimi paytaxtına çevrildi. Şuşa üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan şəhərə yalnız dördüncü tərəfdən – şimal-şərqdən keçən dar və dolanbac cığırla qalxmaq mümkün idi. Dövrün mənbələrində bu cığırı qədim Yunanıstandakı Fermopil keçidi ilə müqayisə edir və göstərirdilər ki, burada mövqe tutmuş bir neçə adam böyük bir ordunun qarşısını saxlaya bilərdi. Bu səbəbdəndir ki, dövrün mənbələrində Qarabağ xanlığı, onun paytaxtı Şuşa ilə bağlı planlar çox ehtiyatla, gizli şəkildə reallaşdırılmağa çalışılırdı.

1779-cu ilin sonlarında II Yekaterinanın sarayında rus qoşunlarının Cənubi Qafqaza yeni hərbi yürüş planı qəbul olundu. Bu iş general A.V.Suvorova həvalə olundu və o təcili qaydada Cənubi Qafqaz haqqında müfəssəl məlumatlar toplamağa başladı. Bu məqsədlə o, 1780-ci ilin yanvarında Rusiyadakı ermənilərin dini başçısı, arxiyepiskop İosif Arqutinski (Hovsep Arqutyan) və erməni varlısı İvan Lazaryan ilə görüşdü. Görüş zamanı tarixi Azərbaycan torpaqları hesabına Cənubi Qafqazda erməni dövləti yaratmaq planı müzakirə olundu.

II Yekaterinanın məxfi sərəncamına əsaslanan çariçanın favoriti, knyaz Q.A.Potyomkin xüsusi təlimatla V.A.Suvorova dərhal Həştərxana gedib oradakı quru qoşunlarına komandanlığı qəbul etməyi təklif etdi. 1780-ci il yanvarın 24-də Moskvadan Həştərxana yola düşən Suvorov yürüşə hazırlıq işləri görməyə, hər şeydən əvvəl Qarabağ və İrəvana gedən yollar, yaşayış məntəqələri və s. haqqında ətraflı məlumatlar toplamağa başladı. Rusiya məmurlarına çatdırılan məlumatlarda Qarabağın təbii ehtiyatları, məhsuldar torpaqları təsvir edilir, burada zəngin qızıl, gümüş, qurğuşun, mis və dəmir mədənləri, pambıq, ipək, çəltik, bal, çoxlu meyvə bağlarının olması və keyfiyyətli şərab istehsal olunduğu yazılırdı.

1782-ci il Krımın ələ keçirilməsindən sonra Rusiya tarixində Cənubi Qafqazda qəti siyasətin başlanğıcı kimi şərtləndi. Artıq çoxdan bəri hazırlanmaqda olan “Yunan layihəsi” məhz bu zamandan etibarən ələ götürüldü. Rusiya hökuməti knyaz Q.A.Potyomkini Qafqaz işləri üzrə baş komandan, onun yaxın qohumu general P.S.Potyomkini isə Qafqaz müdafiə xəttinin rəisi təyin etdi. Q.A.Potyomkinin 1782-ci il 6 sentyabr tarixli göstərişinə əsasən P.S.Potyomkin dərhal müxtəlif vasitələrlə gürcü çarı II İrakli və ermənilərlə əlaqələr yaratmalı idi.

Bu məqsədlə general P.S.Potyomkinin erməni keşişi İ.Arqutinskiyə ünvanladığı 1782-ci il 21 dekabr tarixli rəsmi sorğusunda Qarabağdakı xristian məlikləri, ümumi əhalinin sayı, Qarabağa gedən yolların vəziyyəti və s. ilə maraqlanırdı. O, 14 bənddən ibarət sorğunun 10-cu bəndində konkret olaraq: “Şuşa xanının möhkəmləndiyi qala harada yerləşir? Onun ətrafı necədir? Bu qalaya necə yaxınlaşmaq olar? Xahiş edirəm, mənə bu məşhur və alınmaz hesab edilən qalaya gedən yollar və qala haqqında ətraflı məlumat verəsiniz” – yazırdı. Göründüyü kimi, qeyd edilən dövrdə Şuşa qalasının alınmazlığı haqqında Rusiya hakim dairələrində kifayət qədər məlumat mövcud idi.

P.S.Potyomkinə dərhal göndərdiyi cavab məktubunda əzəli Azərbaycan torpaqlarını, şəhərlərini erməni torpağı kimi təqdim edən İ.Arqutinski generala Qarabağı ələ keçirmək barədə planlar təklif etdi. Erməni keşişi sorğunun 10-cu bəndinə uyğun olaraq Şuşaya gedən yolların, meşələrin və dağların geniş şəkildə təsvirini verərək, sonda yazır: “Şuşa öz mövqeyinə görə alınmazdır, lakin uzunmüddətli mühasirəyə tab gətirə bilməz”. Aydındır ki, erməni keşişi rus qoşunlarının Qarabağa yürüşünü tezləşdirmək üçün Şuşa haqqında sonuncu fikri yazırdı.

Qeyd olunan dövrdə Qarabağ xanlığı ərazisində xristian məlikliklərin olması ilə başqa xanlıqlardan fərqlənirdi. Rusiya dövlətinin himayə etdiyi və ermənilər tərəfindən təhrik edilən bu məliklərdən bəziləri hələ Pənahəli xanın dövründən başlayaraq bir tərəfdən xanlıq daxilində mərkəzləşməyə mane olur, digər tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçirilməsinə kömək etməklə xanlığın müstəqilliyini sarsıtmağa çalışırdılar.

Qarabağ xanı İbrahimxəlil xanla (1763-1806) separatçı xristian məliklər arasındakı mübarizəyə 1783-cü ilin əvvəllərindən başlayaraq Çar Rusiyası fəal şəkildə qarışmağa başladı. 1783-cü il martın 28-də Peterburqda Xarici İşlər Kollegiyasının iclasında Rusiyanın Cənubi Qafqaz siyasətinin məqsədi “Xəzər dənizinə yiyələnməli”, “gürcü və ermənilərlə ittifaq yaratmalı” şəklində ifadə olundu. Q.A.Potyomkin vasitəsilə II Yekaterinaya təqdim olunan xəritədə “Qarabağ və Qaradağdan ibarət olan ərazinin II İraklinin çarlığı ilə birgə Türkiyə Ermənistanı ilə birləşdirilməsi” nəzərdə tutulurdu.

Bu planları reallaşdırmaq məqsədi ilə knyaz Q.A.Potyomkin 1783-il aprelin 6-da Qafqaz müdafiə xəttinin rəisi P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında yazırdı: “Şuşalı İbrahim xan devrilməlidir, çünki bundan sonra Qarabağ Rusiyadan başqa heç kimdən asılı olmayan erməni vilayətini təşkil edəcəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin ki, bu vilayət xalq üçün əlverişli olsun. Bu vilayət digərlərinə nümunə olacaq və bu vasitə ilə çox sayda ermənilər Qarabağa axışacaqdır. Qarşıya qoyulan məqsədə çatmaq üçün 4 tabor, müvafiq miqdarda artilleriya və süvarilərin köməyi ilə ilk növbədə Dərbənd zəbt olunmalıdır. Bununla rus qoşunları Qarabağa yaxınlaşar və etibarlı arxa əldə etmiş olarlar. Xəzər dəniz donanması Sizin ixtiyarınızda olacaqdır”. Aydındır ki, Rusiya hakim dairələri Qarabağda yaradılacaq “erməni vilayəti”ndə hər cür şərait yaratmağı planlaşdırmaqla əsas məqsədlərinə – külli miqdarda erməninin Qarabağa köçüb gəlməsinə çalışırdılar ki, lazım gəldikdə onlardan öz məqsədləri üçün istifadə edə bilsinlər.

1783-cü il 19 may tarixli digər məxfi sənəddə isə Q.A.Potyomkin II Yekaterinaya yazırdı: “Əlverişli şərait yaranan kimi İbrahim xanı tabe edərək onun vilayətini milli hakimiyyətə (xristian məlikləri nəzərdə tutulur – G.N.) vermək lazımdır. Bununla da Asiyada sizin vədinizə uyğun olaraq və mənim vasitəmlə xristian dövləti yaranacaqdır”.

Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri ifşa edə bildi. Çünki imperiyanın xəfiyyəsi Reyneqsin rus qoşunlarının yürüşü nəticəsində İbrahimxəlil xanın hakimiyyətdən məhrum edilməsi və “erməni çarlığının bərpası” haqqında məlumat verən, məlik Abova göndərmiş olduğu məktubu Qarabağ xanının əlinə keçmişdi. İbrahimxəlil xan bu zaman məlikləri Şuşaya toplaya bildi və Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı. Bundan sonra xan daha uzaqgörən, diplomatik bir addım ataraq “Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsi”ni xahiş edən məktubla Peterburqa elçi göndərdi.

İbrahimxəlil xanın bu addımından sonra Q.A.Potyomkin onu devirmək niyyətindən tamamilə əl çəkmədi, yalnız bu məqsədin gerçəkləşməsini bir qədər təxirə saldı. Yuxarıda qeyd etdiyimiz 19 may tarixli məxfi məlumatında knyaz etiraf edərək yazırdı ki, “şuşalı İbrahim xanın itaət göstərməsi və onun Rusiya təbəəliyinə qəbul olunmaq haqqında xahişi xanlığın süqutunun qarşısını aldı. Xanın devrilməsi ilə bağlı əvvəlki təlimat həyata keçirilmədən onun yalnız bac ödəməsi təklifinə imperatriçə hörmətlə yanaşdı”. Bununla yanaşı, 1783-cü ilin mayında knyaz A.Q.Potyomkin general P.S.Potyomkinə belə bir göstəriş vermişdi: “Rusiyanın İrəvan və Qarabağdakı tədbirləri ilə bağlı erməniləri həmişə hazır saxlamaq, Rusiyanın ali himayəsi altında Asiyada erməni və Qarabağ ərazilərindən ibarət güclü xristian dövləti yaratmaq üçün erməniləri əzizləmək lazımdır”.

Rusiya imperiyasının Qarabağı zəbt etmək fikrindən əl çəkmədiyini, sadəcə olaraq vaxt qazanmaq istədiklərini anlayan İbrahimxəlil xan yaxın adamlarından min nəfərə qədər toplayıb yenidən Şuşa qalasını möhkəmləndirməyə başladı. O, hətta özünün şəxsi mühafizəsi üçün yeznəsi – Avar hakimi Ömər xandan 30 nəfər almışdı. İbrahimxəlil xanın Şuşanın möhkəmləndirilməsi xəbəri tezliklə general P.S.Potyomkinə çatdırıldı. General II İrakliyə yazdığı 28 iyun tarixli məktubunda, ondan İbrahim xanın niyyətləri barədə ona dəqiq məlumat verməyi xahiş etməklə yanaşı, həm də II İrakliyə tapşırdı ki, Qarabağ xanından öz hərbi hazırlıqlarını dayandırmağı tələb etsin.

XVIII əsrin 80-ci illərinin sonundan başlayaraq Rusiya İmperiyasının Cənubi Qafqaz uğrunda mübarizəsi daha da intensivləşdi. Artıq İranda hakimiyyəti ələ alan Qacar hökmdarı Ağa Məhəmməd xan (1780-1797; 1796-cı ildən Ağa Məhəmməd şah – G.N) da bu mübarizəyə qoşulduğu üçün vəziyyət xeyli gərginləşdi.

1787-1791-ci illər Rusiya-Osmanlı savaşı 1791-ci il dekabrın 29-da Yassı sülh müqaviləsi ilə başa çatdı. Bu müqavilə Rusiyanın Cənubi Qafqazda geniş fəaliyyəti üçün böyük imkanlar yaratdı. II Yekaterina hökuməti Cənubi Qafqazın, o cümlədən Azərbaycan xanlıqlarının zəbt edilib, Rusiya imperiyasına birləşdirilməsi məqsədilə artıq əməli tədbirlərə keçməyi planlaşdırırdı. Öz niyyətlərini həyata keçirmək üçün əlverişli fürsət arayan erməni varlıları dərhal yaranmış şəraitdən istifadə edərək Rusiya hakim dairələri ilə daha da yaxınlaşdılar. Bütün bunlara baxmayaraq, Rusiya hakim dairələri Cənubi Qafqaza yürüşə başlamaqdan çəkinir və yeni əlverişli imkan axtarırdı. Nəhayət, belə bir imkan üçün bəhanə tapıldı.

Bu bəhanə 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Şərqi Gürcüstana yürüşü oldu. Qacarın rəsmən Rusiyanın himayəsində olan Kartli-Kaxet çarlığının mərkəzi Tiflis şəhərini alıb dağıtması Rusiyanın bu regiona hərbi müdaxiləsi üçün bir növ hüquqi əsas vermiş oldu. II İraklinin Rusiya dövlətinə müraciət etməsinə baxmayaraq II Yekaterina hökuməti Kartli-Kaxet çarlığına kömək etmədi. Rusiya hakim dairələri Ağa Məhəmməd xan Qacarın Tiflisi işğal və qarət etməsinə bir növ “göz yumdu” ki, Cənubi Qafqaza hərbi qüvvə yeritmək üçün bəhanə və imkan qazansın.

Rusiya himayəsində olan Kartli-Kaxet çarlığının mərkəzinin Qacar qoşunları tərəfindən dağıdılması Rusiyanın bu regiondakı nüfuzunun aşağı düşməsinə səbəb oldu. II Yekaterina Cənubi Qafqazda nüfuzunu bərpa etmək üçün diplomatik vasitələrdən bilavasitə hərbi qüvvə tətbiqinə keçdi. O, 1796-cı ilin yazında Cənubi Qafqaza yürüşə başlamaq haqqında göstəriş verdi. Bu yürüşdə rus qoşununa komandanlıq etmək imperatriçənin sevimlisi general Platon Zubovun qardaşı Valerian Zubova (1771-1804)  həvalə edildi. Bu barədə iki hissədən ibarət xüsusi “Təlimat” (“Наставление”) və “Manifest” imzaladı.

V.Zubovun Azərbaycana hərbi yürüşü Rusiya imperiyasının həm siyasi, həm də iqtisadi-ticarət maraqlarını həyata keçirmək planlarına xidmət edirdi. Rusiya hakim dairələri bu yürüşə çox böyük əhəmiyyət verirdi. Bu münasibətlə hətta Xəzər dənizinin qərb sahillərinin plan-xəritələri də tərtib edilmişdi.

Hələ 1796-cı il fevralın 19-da V.A.Zubova 30 bənddən ibarət məxfi təlimat verilmişdi. Həmin təlimatda deyilirdi ki, rus qoşunlarının yürüşünün əsas vəzifələrindən biri II İraklinin bütün mülklərində hakimiyyətini bərpa etmək, Qarabağ məliklərini və onların təbəələrini Rusiyadan asılı hala gətirməkdir. Təlimatın VI bəndində açıq-aşkar Xəzər hərbi hissələrinin Tiflisdən aşağı Kür çayı boyunca Gəncəyə doğru hərəkət edərək, buradan Qarabağa gəlməsi və burada xristianlığı bərpa etməsi planlaşdırılırdı. Təlimatda həmçinin, Rusiyanın maraqları naminə Ararat patriarxından da istifadə etmək tələb olunur və “Qarabağ xanlığını devirmək və hakimiyyəti yerli xristianlara vermək” barədə V.Zubova məxfi göstəriş verilirdi.

Hələ rus qoşunları hərəkətə başlamamışdan qabaq Dərbənddəki erməni keşişi Stepan Davidov Valerian Zubovun qılığına girərək bu “tarixi yürüş”də generalın məsləhətçisi kimi iştirak etməyə nail oldu. Bundan başqa, İ.Arqutinski “Ararat ermənilərinin imzası” ilə V.Zubova müraciət yazdırdı. Onun vasitəçiliyi ilə Zubova göndərilən məktubların əksəriyyətində Qarabağ xanlığını devirmək, Şuşa qalasını ələ keçirmək və hakimiyyəti yerli xristianlara vermək məsələsi qoyulurdu.

V.Zubov bu işğalçı yürüşdə həmin dövrdə Rusiyada ən çox fəallıq göstərən erməni ideoloqu arxiyepiskop İosif Arqutinskiyə böyük ümid bəsləyirdi. Məhz buna görə də o, Qafqaza yürüş edəcək korpusun qərargahına məsləhətçi kimi dəvət olundu. İ.Arqutinski Üçkilsə (Üçmüədzim) katolikosu ilə əlaqəyə girərək onunla birlikdə Qarabağda və Cənubi Qafqazın başqa yerlərində yaşayan bütün xristianlara “müraciət” hazırladı. Bu müraciətdə rus qoşunlarının Azərbaycana “erməniləri müsəlmanların əsarətindən qurtarmaq və onlara müstəqillik vermək” məqsədi ilə girdiyi bəyan edilirdi. Bundan başqa, İ.Arqutinski Dərbəndi işğal edən rus qoşunlarına müəyyən kömək göstərməklə kifayətlənməyərək, işğalçı ordunu əsasən Qarabağ və İrəvan üzərinə istiqamətləndirməyə çalışırdı.

V.Zubovun 1796-cı il aprelin 18-də başlanan işğalçı yürüşü nəticəsində mayın 10-da Dərbənd, iyunun 6-da Quba işğal olundu. Bakılı Hüseynqulu xan iyunun 13-də Bakı qalasının açarını təslim etdi. Oktyabr ayında Gəncə ələ keçirildi. Qışın yaxınlaşması ilə əlaqədar olaraq rus qoşunları Muğanda yerləşdilər.

Yaranmış şəraiti əldən verməyən İ.Arqutinski 1796-cı ilin sentyabrında Pirsaatçay yaxınlığında Qarabağın işğalı ilə bağlı hazırlamış olduğu planı qraf Zubova təqdim etdi. 11 bənddən ibarət bu planın VIII bəndində erməni keşişi yazırdı: “Əgər Şuşa xanı sizin göstərişinizlə hərəkət etməsə, onun sadiqliyinə inanmaq olmaz. Belə vəziyyətdə Qarabağın erməni məliklərindən istifadə etmək lazımdır”. Bundan başqa, o, generalı Qarabağın alban məliklərinin erməni olduğuna inandırmağa çalışır və məliklərin rus ordusuna 5 min nəfərlik qoşun verə biləcəyi kimi fantastik bir rəqəmlə həvəsləndirir və onların gizli himayə edilməsini xahiş edirdi.

Bu zaman şuşalı İbrahimxəlil xan hakimiyyətdən devriləcəyindən və xanlığın idarəsinin xristian məliklərə veriləcəyindən ehtiyat edirdi. Çünki onun V.Zubovun Peterburqdan bu barədə göstəriş alması haqqında məlumatı var idi. Lakin bütün bunların müqabilində İbrahimxəlil xan özünü təmkinli, Rusiyaya “sədaqətli” göstərməkdə davam edərək əks-hücuma hazırlaşmağa başladı. O, Azərbaycanın digər xanları ilə birləşərək general V.Zubova sui-qəsd təşkil etdi. Lakin bu işi həyata keçirəcək Nurəli bəyin ehtiyatsızlığı ucbatından qəsd baş tutmadı. Göründüyü kimi, İbrahimxəlil xan həm Rusiya təhlükəsindən, həm də imperiyaya arxalanan erməni Qriqorian kilsəsinin hazırladığı məkrli planlardan Qarabağ xanlığını qorumaq üçün diplomatik manevrlərlə yanaşı, bəzən əməli tədbirlərə də əl atmaq məcburiyyətində qalırdı.

Lakin 1796-cı il noyabrın 6-da II Yekaterinanın qəflətən vəfatı və Rusiyanın Qərbi Avropa ölkələri ilə münasibətlərinin mürəkkəbləşməsi V.Zubovun başçılıq etdiyi rus qoşunlarının Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu.

Beləliklə, XVIII əsrin II yarısında Çar Rusiyasının Şimali Azərbaycan torpaqlarında, o cümlədən Qarabağda, Şuşada “xristian dövləti” yaratmaq üçün hazırladığı məxfi planları baş tutmadı...

Güntəkin NƏCƏFLİ
AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, dosent