Vətən sevgisi qanla keçir. Ağlım kəsəndə atamın Qarabağ itkisindən əzab çəkdiyini görürdüm. O, Birinci Qarabağ müharibəsinin igid döyüşçülərindən olub. Göstərdiyi şücaətlərə görə ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Vətən müharibəsi başlayanda “Oğlum, torpaqlarımızı işğaldan azad edəcəyinizə tam əminəm. Çünki bugünkü Azərbaycan ovaxtkı deyil” dedi.

Bu sözləri Vətən müharibəsində xüsusi təyinatlı qüvvələrin tərkibində döyüşərək şəhidlik zirvəsinə ucalan Fuad Nəcəfov öz döyüş yoldaşlarına deyirmiş.

Fuad 1990-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2008-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik, sonra isə xüsusi təyinatlıların hazırlanması kurslarında iştirak edib və əsl hərbçi kimi yetişib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılıb. Düşmənin 30-dan çox texnikasının məhv edilməsində onun xüsusi rolu olub. Məhz bu cəsurluğuna görə işğaldan azad olunan Suqovuşan qəsəbəsində üçrəngli bayrağımızın qaldırılması ona həvalə edilib.

Fuad Nəcəfli Füzuli, Cəbrayıl istiqamətlərində döyüşlərdə də iştirak edərək qəhrəmanlıq göstərib. Oktyabrın 7-də şəhid olub. Fuad Nəcəfov ölümündən sonra “Qarabağ” ordeni ilə təltif olunub. Nəcəfovlar ailəsi üçün Fuaddan bir qız övladı yadigar qalıb.

Şəhidin atası, Birinci Qarabağ müharibəsinin iştirakçısı Taleh Nəcəfov oğlu ilə qürur duyur: “O, Vətən müharibəsində qəhrəman kimi döyüşüb. Hələ müharibənin ilk günlərində Fuadla danışanda o, “ata, əmin ol, Ermənistan ordusu torpaqlarımızdan tezliklə qovulacaq” deyirdi. Şükürlər olsun ki, Prezident, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə – 44 gündə qələbə çaldı. Dekabrın 10-da keçirilən Zəfər paradını izləyərkən sonsuz qürur hissi keçirdim. Bir daha fəxr etdim ki, böyük Qəbələnin qazanılmasında minlərlə Vətən övladı kimi, oğlum Fuadın da payı var”.