Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Nəriman Nərimanov və Azərbaycan dili” monoqrafiyası nəşr olunub.

Akademik Möhsün Nağısoylunun elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiya Azərbaycan ictimai fikri, mətbuatı, mədəniyyəti tarixində mühüm xidmətləri olan görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr edilib. Əsərdə Nərimanovun Azərbaycan ədəbi dilinin qorunması və inkişafı uğrunda apardığı dil siyasəti, qrammatika kitabları, əlifba və terminologiya sahəsindəki fəaliyyəti tədqiq olunub. Qeyd edilib ki, ədib ana dilində əsərlər yazmaqla yanaşı, ana dili məsələsini milli məsələnin əsas tərkib hissəsi hesab edib, ana dilində məktəblər üçün dərsliklər yazıb. Monoqrafiyada maarifpərvər ədibin dilçilik görüşləri, yazdığı dərsliklər geniş təhlil edilib.