Qarabağ saz-söz mühitinin tanınmış yetirməsi olan Aşıq Pəri şifahi xalq ədəbiyyatımızın tanınan və sevilən sənətkarlarındandır. Mənbələrdə bu el şairəsinin 1811-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində dünyaya göz açdığı qeyd olunur. İlk təhsilini də elə bu kənddə alır.

O, erkən çağlarından poeziyaya maraq göstərir. El şənliklərində yaxından iştirak edir. Aşıqların oxuması və deyişməsi gənc Pərinin diqqətini cəlb edir. Bir müddət sonra özü də el şənliklərinə qatılır. Bədahətən şeirlər deyir. Dünyaya göz açdığı kəndinin adını özünə təxəllüs götürür. Maralyanlı Aşıq Pəri kimi tanınır:

Pərinin dərdi tüğyandı,
Sakin yeri Maralyandı.
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.

Çox keçmir gənc Pərinin adı dildən-dilə düşür. Səsi-sorağı Cəbrayıl hüdudlarını aşaraq Şuşa şəhərinə çatır. Valideynləri təxminən 1930-cu ildə Şuşa şəhərinə köçür. Şəhərin ədəbi mühiti gənc Pərini ağuşuna alır. O, Şuşanın şeir məclislərinə qatılır. Rəvan təbi və poetik ruhu maraqla qarşılanır. Bədahətən şeirlər deməsi, deyişmələri Şuşa ədəbi mühitində səs-səda doğurur.

Araşdırmalarda göstərilir ki, Aşıq Pəri dövrünün tanınmış şairləri Cəfərqulu xan Nəva, Mirzə Həsən, Məhəmməd bəy Aşiq, Abdulla Canızadə və başqaları ilə deyişir. Hamısında da qalib olub. Tanınmış maarif xadimi, ədəbiyyatşünas Firidun bəy Köçərli şairə ilə bağlı araşdırmasında yazır ki, Aşıq Pəri 25 yaşında Məhəmməd adlı bir molla ilə ailə qurur. Ancaq xoşbəxt ola bilmir. Onun şeir məclislərində iştirakı, Molla Məhəmmədin xoşuna gəlmir. Aşıq Pəri qoşmalarının birində bu haqda deyir:

Molla qoymur qələm alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?

Aşıq Pəri cəsarətli, kəskin danışmağı bacaran, həm də yumşaq yumora sahib həssas insan olub. Bu, onun günümüzə gəlib çatan şeirlərində aydın şəkildə duyulur:

Mən Pəriyəm, eşqə zarəm, neyləyim?
Dərdi-dildən xəbərdaram, neyləyim?

Mənbələrdə göstərilir ki, Aşıq Pərinin şeirləri ilk dəfə “Qarabağnamə” müəlliflərindən olan Mirzə Yusif  Qarabağinin 1856-cı ildə Teymurxan-Şura (Dağıstan Respublikasının indiki Buynaksk şəhəri) şəhərində nəşr edilən  “Məcmueyi-Vaqif və müasirini-digər” kitabında verilib. Daha sonra Qafqazşünas alim Adolf Berjenin 1867-ci ildə Leypsiqdə (Almaniya) çıxan “Məcmueyi-əşari-şüəarayi-Azərbaycan” məcmuəsində dərc olunub. A.Berje həmin nəşrin müqəddiməsində Aşıq Pəri haqqında almanca yazıb: “1829-cu ilin axırlarında Araz çayı sahillərində yerləşən Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qızın adı Aşıq Pəri idi... Onun deyişmələri, hazırcavablıqla dediyi şeirləri diqqəti cəlb edirdi. Öz dövrünün az-çox istedadlı şairləri ilə şeirləşmədə həmişə müvəffəqiyyət qazanırdı və heç kəsə ona qalib gəlməyə imkan verməzdi”.

Professor Minaxanım Təkləli aşıq-şairə ilə bağlı araşdırmasında yazır ki, müasirləri Pəriyə hörmətlə yanaşıblar. Onun gözəlliyini, həm də şairliyini təqdir ediblər. Yaxın dostu, sənət yoldaşı Məhəmməd bəy Aşiq onu “Dizaq mahalının misilsiz gözəli” adlandırıb. Bir qoşmasında ondan bəhs edərək yazıb:

Ey bivəfa, qədirbilməz dilbərim,
Şikayətim səndən bir kitab olmuş.
Yaza bilməz onu xameyi-qüdrət
Çünki həddən keçmiş, bihesab olmuş.

F.Köçərlinin yazdığına görə, geniş dünyagörüşünə malik şairə zahirən gözəl, mənəviyyatca çox zəngin olub. Dövrün bir çox tanınmış şairləri onun hüsnü-camalını vəsf edən qoşmalar, gəraylılar yazıb. XIX əsrin tanınmış şairlərindən Əsəd bəy Vəzirov bir qoşmasında şairənin gözəlliyini poetik bir dillə tərənnüm edib:

Arizindir günəş, camalındır ay,
Heç nazənin ola bilməz sənə tay.
Qəmzən qatil, kirpiyin ox, qaşın yay,
Qamətindir sərvi-xuraman, Pəri.

Mir Möhsün Nəvvab təzkirələrinin birində Aşıq Pərini hörmətlə yad edib. Deyişdiyi şairlər haqqında müfəssəl məlumat verib. Qeyd edib ki, Qarabağ ədəbi mühitinin tanınmış yetirməsi olan şairə qısa ömür yaşayıb.

Aşıq Pəri 36 yaşında, 1847-ci ildə vəfat edib. Qaynaqlarda göstərildiyinə görə, qardaşları Mahmud və Fərzalı bacılarının nəşini Şuşadan Cəbrayıl elinə gətirib dünyaya göz açdığı Maralyan kəndində dəfn ediblər.

Savalan FƏRƏCOV