Çexiyanın paytaxtında yerləşən Karlova Universitetinin botanika bağında tanınmış azərbaycanlı biokimyaçı alim, Əməkdar elm xadimi, Karlova Universitetinin qızıl medalına layiq görülmüş professor Akif Quliyevin anım mərasimi keçirilib.

Soydaşımız Eldar Vəliyevin təşəbbüsü ilə keçirilən tədbirdə botanika bağının rəhbəri Ladislav Pavlata, universitetin Biologiya fakültəsinin elmi işçiləri və məhrum professorun Çexiyadan olan həmkarları – elmlər doktoru Vladislav Şvatora və Milan Kaftan, bağın kuratoru Tomaş Proxazka və Azərbaycan icmasının nümayəndələri Emma Lazar və Xədicə Əliyeva iştirak ediblər.

Tədbir zamanı Eldar Vəliyev Azərbaycanın Qarabağ bölgəsində bitən və o regionun rəmzi olan xarı bülbül çiçəyini Karlova Universitetinin botanika bağına hədiyyə edib. Bağın müdiri L.Pavlata qonaqlara minnətdarlığını bildirib və söz verib ki, bu gülün Çexiya torpağında bitməsi üçün əlindən gələni əsirgəməyəcək.

Eldar Vəliyev professor Akif Quliyevin Azərbaycan-Çexiya elmi və təhsil əlaqələrinin qurulması və inkişafında rolundan bəhs edib. Alimin dostu və həmkarı V.Şvatora professorla bağlı xatirələrini bölüşüb.

Tədbirə internet vasitəsilə qoşulan professorun qızı Nailə Abdullayeva atasının xatirəsinin yad edilməsindən məmnunluğunu ifadə edib.

Professor Akif Quliyev 1967-1968-ci illərdə aspirantura təhsilinin bir hissəsini Karlova Universitetində keçib. Tanınmış biokimyaçı alim 2020-ci il iyulun 19-da vəfat edib.