Vətən müharibəsinin şəhidlərindən biri də Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidovdur. O, Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmancasına həlak olub.

İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdıb. İlham orta təhsilini Xudat şəhərində alıb.

2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub. 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib.

Vətən müharibəsi başlayan gündən xüsusi əhəmiyyətli tapşırıqların icrasına cəlb olunan İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağı zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edib.

Döyüşlərin birində yaralı yoldaşlarını atəş altından çıxararkən minaatan mərmisi yaxınlığında partlayıb. Ağır xəsarətlər alsa da, döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı döyüş yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb. Amma təəssüf ki, özünün yaraları çox ağır olduğundan avtomobil dağlıq ərazidə, çətin şəraitdə ən yaxın tibb məntəqəsinə çatanadək şəhid olub.

Qardaşı Tərlan: “Şəhid olmamışdan bir həftə əvvəl görüşdük. Ağır əməliyyata gedəcəyini dedi. Sonra cəbhədən telefonla səsli mesaj göndərdi. Deyirdi ki, çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir azdan telefonumu söndürüb təhvil verəcəyəm. Əməliyyatların çoxu məxfi olduğundan bizə heç nə demirdi. Aprel döyüşlərində olduğunu da sonradan öyrənmişdik”.

Həyat yoldaşı Samirə Rəşidova: “Həyat yoldaşı, ata kimi çox yaxşı insan idi. Düzdür, həyatımda böyük itki oldu. İlham şəhidlik zirvəsinə ucaldı. Fəxr edirəm onunla. Həmişə də fəxr edəcəyəm. Vətən müharibəsindən əvvəl evə gəldi, mənimlə, uşaqları ilə görüşüb getdi. Son mesajında yazdı ki, təlimə gedirəm, uşaqlardan və özündən muğayat ol. Onun üçün ailəsi, balaları ən böyük dəyər idi. Mən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, müharibəni sonadək davam etdirdi. Şəhidlərimizin qisası alındı. Qələbə qazandıq”.

İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.