Azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” kinofestivalında “Ən yaxşı xarici film” mükafatına layıq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Elmar Bayramovun rejissoru və ssenari müəllifi olduğu ekran əsəri fiziki qüsurlu Orxan adlı gəncin həyat hekayəsindən bəhs edir. Əsərin qəhrəmanı bütün çətinliklərə baxmayaraq, məqsədinə nail olmaq üçün maneələri dəf edir.

Əsas rolu Tural Manafov ifa edir. Filmin prodüserləri Könül Kəngərli, Klara Brotons Merkadal, Alan Goldberg və Zeke Ramazan Geisdir.

“İzn ver qaçım” filmi Los-Anceles, Nyu-York və Torontoda keçirilən beynəlxalq kinofestivallarda da müxtəlif nominasiyalar üzrə mükafat qazanıb.

Qeyd edək ki, bu günlərdə Elmar Bayramovun daha bir qısametrajlı filmi – “Uğur böcəyi” (“Ladybug”) Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən “15 Minutes of Frame” (“15 dəqiqə kadr”) festivalında “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olub.