İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) ofisində XIV əsrin görkəmli İslam mütəfəkkiri və tarixçisi İbn Xəlduna həsr edilmiş “İbn Xəldunun fəlsəfi fikirlərində uzaqgörənlik” mövzusunda elmi konfrans keçirilib. Tədbirə Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanov da qatılıb.

Konrad Adenauer Fondunun Mərakeş təmsilçiliyi ilə birgə təşkil edilən konfransda çıxış edən İCESCO-nun Baş katibi Salim Əl-Malik ərəb elminin görkəmli nümayəndəsi İbn Xəldunun zəngin irsi və bioqrafiyası haqqında ətraflı məlumat verib. Bildirib ki, onun əsərləri bu gün də İslam və Qərb ölkələri alimlərinin tədqiqat mövzusu və tarixin öyrənilməsində əsas məxəzlərdən biridir. Türkiyədə İbn Xəldunun adını daşıyan universitet, Pakistan və digər İslam ölkələrində elmi tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Konfransın sessiyalarda İslam ölkələri və Qərb alimlərinin İbn Xəldunun fəlsəfi düşüncələri, tarixin sosial müşahidələrə söykənən izahı – Ümran elminin əsasını qoyması, “Müqəddimə”, “Kitabul İbər”, “Lulabul-Mühəssəl” və digər qiymətli əsərləri haqqında elmi məruzələr dinlənilib. İngilis tarixçisi Arnold Toynbinin onun haqqında söylədiyi fikir xüsusi olaraq vurğulanıb: “İbn Xəldun hər hansı bir zamanda, hər hansı bir ölkədə, hər hansı bir beyin tərəfindən yaradılmış ən böyük tarix fəlsəfəsinin sahibidir”.