2020-ci ildə Azərbaycan tarixinin ən böyük sınağından üzüağ çıxaraq otuz ilin kəsirini tamamladı

Arzu edirik ki, gələn il işğal altındakı torpaqlarımız azad olunsun, bu bayramı doğma Qarabağda qeyd edək...

Torpaqlarımızın beşdəbiri üzərində suverenliyimizi itirdiyimiz Birinci Qarabağ müharibəsindən sonra neçə bayramı bu arzularla yola salmışıq, təqvimin hər yeni ilini bu diləklərlə qarşılamışıq. Etiraf edək ki, illər bir-birini əvəz etdikcə və arzular elə arzu olaraq qaldıqca dilimiz bu sözlərə tədricən yadırğamışdı. Amma qəlbimizin dərinliyində qalmışdı, bu dilək də, öləziməyən ümid də... Nəhayət, bu payız qəlbimizdə illərin arzu çiçəyi cücərdi...

2020-ci il təqvimimizə elə tarixi günlər yazdı ki, hər biri böyük yazıçı Aytmatovun əsrarəngiz sözləri dəyərində idi. Azərbaycan xalqı çoxdandır bu günlərin intizarında idi. O günlər ki, son 30 ildə təqvimimizi zəbt etmiş acılı, qaralı günləri silib atacaq, zədələnmiş milli qürurumuzu dirçəldəcək, Vətənin həsrətində olduğumuz o beşdəbirinin göylərində dalğalanacaq bayrağımıza baxmaq üçün başımızı uca, alnımızı açıq edəcəkdi.

Bu illər ərzində Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin (siyasi, iqtisadi, mədəni, idman və s.) bir natamamlığı vardı. Ölkəmizin ərazisinin beşdəbirinin işğal altında olması onların üzərinə də kölgəsini salırdı. Əldə olunan hər bir qələbənin, uğurun beşdəbir kəsiri vardı. Çünki onların hər birində əlimiz yetməyən, ünümüz çatmayan Vətən torpaqlarının da payı vardı, olmalı idi, amma yox idi. Bunu fərd olaraq hər birimiz, xalq, cəmiyyət olaraq hamımız dərk edirdik. Hər zaman dilimizə gətirməsək də... Hər “Vətən bağı al-əlvandır” söylənəndə xarı bülbülün yeri görünür, “Qarabağ şikəstəsi” səslənəndə  qəlbimizdəki bir boşluğu, o beşdəbirin kəm olduğunu hiss edirdik...

Təkcə ölkəmizin ərazi bütövlüyü, Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədlərinin bütünlüyü üçün deyil, millət və toplum olaraq bu natamamlıqdan qurtulmaq üçün də bizə tam bir Zəfər lazım idi...

 

***

 

“Hər bir dövlət üçün dünyada, yerləşdiyi regionda söz sahibi olmağın başlıca şərtlərindən biri məhz güclü ordu faktorudur. Azərbaycan kimi müstəqilliyi çətin sınaqlardan keçmiş, hərbi təcavüzə məruz qalmış dövlət üçün həmin faktor xüsusilə müstəsna önəm kəsb edir. Milli Ordumuzun yaradılmasının 90 illik yubileyinin böyük təntənə ilə qeyd edilməsi də bizim təcavüzkar düşmənə ən sərrast mesajımız oldu. Paytaxtın Azadlıq meydanında düzənlənən möhtəşəm hərbi parad, bir tərəfdən, Silahlı Qüvvələrimizin gücünün nümayişi idisə, digər yandan, Azərbaycan rəhbərliyinin hərbi quruculuğa verdiyi diqqətin, onun real nəticələrinin və irəlidəki perspektivlərin göstəricisi idi.

Həmin gün Azərbaycan xalqı ilk dəfə olaraq öz ordusunu, onun maddi-texniki imkanlarını əyani şəkildə gördü və əminliklə demək olar ki, bu təəssüratdan dərin fəxarət hissi keçirdi. Paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi tədris müəssisələrinin şəxsi heyətinin göz oxşayan keçidi, ən müasir hərbi texnika, artilleriya və raket qurğuları, döyüş vertolyotları, təyyarələr və gəmilərədək hər bir element güclü, nizami, müzəffər yürüşə hazırlaşan ordunun nümayişi idi”.

Bu sətirləri 2008-ci ildə, Azərbaycan Silahlı Qüvvələrinin Birinci Qarabağ müharibəsindən sonra, atəşkəs dövründə keçirilən ilk paradının təəssüratı altında yazmışdım.

Qarabağ müharibəsində atəşkəsin 14 ili arxada qalmış, amma nə savaş bitmiş, nə də sülh danışıqları bir nəticəyə gətirmişdi. İrəlidə hələ neçə belə illər vardı. Eyni zamanda bir gerçək o vaxt da bəlli idi: savaş diplomatiyası o vaxt təsirli olur ki, onun arxasında düşmənin hesablaşdığı güc dayanmış olsun.

Prezident İlham Əliyev həmin paraddakı çıxışında bunu bir daha nəzərə çatdırmışdı: “Ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik. Çünki Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. Əlbəttə, biz sülh danışıqlarını davam etdirəcəyik. Ancaq, eyni zamanda, güclü ordunun yaranması həm də bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək...”.

2020-ci ilin 27 sentyabrında o gün yetişdi...

***

Artıq təqvimimizə əbədi və dərin anlamı ilə – Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Anım Günü kimi yazılan bu tarix milli yaddaşda bir həqiqət anı, qırılma nöqtəsi idi. Bundan sonra geri dönüş olmazdı.

Ali Baş Komandan İlham Əliyev: “Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli”.

27 sentyabrda Vətən müharibəsinin başladığını xalqa çatdıran Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ məsələsinin milli məsələ, bu məsələnin həllinin bizim tarixi vəzifəmiz olduğunu  bəyan etdi: “Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun... Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir...”.

Sonrakı müddətdə Ali Baş Komandan daha on dəfə televiziya ilə xalqa müraciət etdi. Bu müraciətlərin hər biri qalibiyyət soraqlı idi.

Və müzəffər Ordunun Zəfər yolunun, əsrə bərabər 44 günün qalibiyyət xəbərləri gəlməyə başladı.

 

4 oktyabr 2020-ci il – ilk qazi şəhərimiz: Cəbrayıl

 

Cəbrayılın düşməndən azad edilməsi böyük zəfərin başlanğıcı idi. Necə ki, 2016-cı ilin Aprel döyüşlərindəki qalibiyyət bu rayonun Cocuq Mərcanlı kəndinə sakinlərin qayıtmasına imkan vermiş və gələcək böyük Zəfərin təməli qoyulmuşdu.

Ali Baş Komandan xalqa müraciətində bunu da xatırlatdı: “Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır... Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.

Azərbaycan xalqı və müstəqil dövlətimiz müasir tarixinin ən şanlı, qürur və fəxarət dolu günlərini yaşamağa başlamışdı.

***

Oktyabrın 9-da Hadrut qəsəbəsinin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində eyniadlı rayon mərkəzi, hazırda Xocavənd rayonunun ərazi-inzibati bölgüsünə daxildir), habelə  Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərinin azad olunduğunu elan edən dövlət başçısı “Ermənistana axırıncı şans veririk. Heç kimə ümid bağlamasın” – dedi.

“Düşmən panikadadır, düşmən isterikaya qapılıb. Düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətdədir. Müxtəlif ölkələrin dövlət-hökumət başçılarına müntəzəm olaraq zəng edir, yardım istəyir, imdad diləyir, yalvarır. Onların xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar. Biz dəfələrlə bunu demişik, öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. Yoxsa, peşman olacaqsınız”.

Amma düşmən şansını zorlamaqda idi...

 

17 oktyabr 2020-ci il – Füzuli şəhəri azad edildi

 

“Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı. İndi təbii ki, bu, sirr deyil, biz Füzuliyə hansı tərəfdən girə bildik. Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl rayonlarının, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edildi. Məhz ondan sonra biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik... Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da...

17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaqdır... Uzun illərin doğma torpaq həsrəti sona çatır. Biz öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetiririk, ölkəmizin ərazi bütövlüyünü bərpa edirik və bərpa edəcəyik”.

 

20 oktyabr 2020-ci il – Zəngilanda Azərbaycan bayrağı

 

“Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür... Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram...

Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq...”.

Həqiqətən də, Cəbrayılın ardınca Xocavənd rayonunun strateji əhəmiyyətli ərazilərində aldığı məğlubiyyətdən və Füzulidəki böyük tar-mardan sonra işğalçı qüvvələr Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında dayanmaq iqtidarında deyildi və pərən-pərən düşmüşdü. Təsadüfi deyil ki, Zəngilan rayonu digər rayonlarla müqayisədə az qüvvə və minimal canlı qüvvə itkisi ilə (“Zəngilanın azad olunmasına görə” medalına 28 hərbi qulluqçumuz ölümündən sonra layiq görülüb) azad edildi.

 

25 oktyabr 2020-ci il – Qubadlı şəhərindən qələbə raportu

 

Müzəffər Azərbaycan əsgərinin ayaq basdığı Qubadlı şəhəri ölkəmizin Dağlıq Qarabağ bölgəsi ətrafında işğaldan azad edilən sayca 4-cü rayon mərkəzi oldu.

“Bir aya yaxındır ki, İkinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik. Bu müddət ərzində şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır” – Ali Baş Komandan İlham Əliyev Qubadlının xalqa zəfər soraqlı müraciətinə (26 oktyabr) bu sözlərlə başladı.

Vətən müharibəsində artıq böyük zəfərə sayılı günlər qalırdı. Azərbaycan Ordusunun döyüş meydanında ortaya qoyduğu gerçəkliyi hər kəs görürdü.

“Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır... Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın!...”.

 

Və böyük gün... 8 noyabr 2020-ci il – Şuşa azaddır!

 

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!

Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm Birinci Qarabağ, həm İkinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”.

***

8 noyabr zəfəri 28 il acılarla anılan, milli qürurumuzu yaralayan 8 mayı xatirə dəftərindən silməklə yanaşı, eyni zamanda Azərbaycan təqviminə qırmızı bir gün bəxş etdi – Zəfər Günü.

Məhz Şuşa zəfəri düşməni silahı yerə qoymağa və 10 noyabrda konkret öhdəlikləri üzərinə götürərək məlum bəyanatı imzalamağa məcbur etdi.

“Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır” – Prezident İlham Əliyev sentyabrın 27-dən davam edən Vətən müharibəsinin qalibiyyət xəbərini noyabrın 10-da gecəyarısı televiziya ilə xalqa müraciətində bu sözlərlə çatdırdı.

30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında 43 gün tab gətirə bildi. 44-cü gün işğalçı ölkənin rəhbərliyi Azərbaycanın diktə etdiyi tələbləri qəbul etdi.

Və bundan sonra daha üç rayonu, türkiyəli qardaşlarımız demişkən, paşa-paşa sahibinə qaytarmalı oldu...

 

20 noyabr 2020-ci il – Ağdamın ağ günü

 

Üç gün sonra, noyabrın 23-də Ağdama gələn müzəffər Ali Baş Komandan işğalçı Ermənistanın gəlib-keçmiş bütün rəhbərlərinə tarixdə qalacaq sözlərini dedi: “Buraya öz ordumla, qalib kimi gəlmişəm. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, Ağdam şəhərində.  Biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq.

Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq...Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

 

25 noyabr 2020-ci il – Kəlbəcərdə dan yeri söküləndə

 

1993-cü ilin 2 aprelində işğalçı ordunun ayaq basdığı bu dağlar diyarını qar örtmüş aşırımları aşaraq tərk etmişdik. Bu illər ərzində o vüqarlı dağlar bizim qayıdışımızı gözləyirdi. Torpaq sahibinin intizarında idi. Üstündə yağı düşmən at oynatsa da. 27 il 7 ay sonra Kəlbəcər torpağı Vətən oğullarının ayaq səsinə oyandı. Müzəffər Ordumuz həmin dağları, qar örtmüş aşırımları aşaraq üçrəngli bayrağımızla yurd yerimizə qədəm qoydu. Bir güllə belə atmadan, bir şəhid belə vermədən.

Prezident İlham Əliyev: “Bütün beynəlxalq təşkilatlar, təmasda olduğum bütün böyük dövlətlərin liderləri dəfələrlə deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Deyirdim ki, lazım olsa torpaqlarımızı hərbi yolla azad edəcəyik. Mən deyirdim ki, məsələni sülh yolu ilə həll etmək istəyirəm. Amma həll etmək istəyirəm. Ermənistan nə istəyirdi? Status-kvonu saxlamaq, əbədi etmək... Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq”.

1 dekabr 2020-ci il – Laçında bayrağımız: Azərbaycan ərazi bütövlüyünü bərpa etdi

“Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq... Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı”.

 

10 dekabr 2020-ci il – Zəfər paradı

 

Yuxarıda haqqında bəhs etdiyim 2008-ci il paradından sonra Azadlıq meydanında bir neçə dəfə parad olmuşdu... Amma bu bir başqa parad idi – Zəfər paradı...

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır!”

***

2020-ci ildə Azərbaycan tarixinin ən böyük sınağından üzüağ çıxaraq otuz ilin kəsirini tamamladı. 2020-ci ildə Azərbaycan böyüdü. Yalnız de-yure bizim olan ərazilərə de-fakto sahib çıxıb, o yerləri ana Vətənə qaytarmaqla deyil, həm də dövlət, xalq olaraq güc və qüdrətimizi dünyaya göstərərək...

İndi, hər il olduğu kimi ümidlə başladığımız, üçüncü ayından pandemiya ilə davam etdiyimiz, normal həyat tərzini az qala yadırğadığımız 2020-ci ilə dönüb baxanda yəqin ki, düşünürük: yaşadığımız (və dəyərini irəlidəki zaman içində daha dərindən dərk edəcəyimiz) bu böyük Zəfər olmasaydı, görəsən, bu il bizim üçün nə ilə yadda qalacaqdı. Boz, sıxıcı, pandemiyalı-maskalı, əsəbilik-gərginlik dolu bir il. Necə ki, bütün dünya 2020-ni belə başa vurur.

Amma... Dünya bir yana, biz bir yana. 2020-ci il bizə elə bir misilsiz dəyər bəxş edib ki, bir deyil, beş pandemiya üst-üstə gəlsə, onun önəmini azalda bilməz. Bu il yüzü yarı etmiş bu sətirlərin müəllifi daxil hər birimizin həyatında hansısa hadisə (xoş ya qeyri) baş verdi. Amma xalq və dövlət olaraq qazandığımız Zəfərin fonunda onlar gerçəkdən fani görünür.  

Qarabağı bizə – bizi Qarabağa qaytaran 2020-ci il başa çatır. Hər ili başa vurub yenisini qarşılayanda qəlbimizdə  bir arzu vardı... Arzu edirik ki, gələn il...

Artıq arzu yox, arzu yox, gerçək var, gerçək... Gələn il hər birimiz üçün Qarabağa ayaq basmaq özü bir bayram olacaq. İnşallah. Sağlıq olsun...

Vüqar ƏLİYEV