Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Heydər Əliyev Mərkəzində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbirə Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri və şəhər M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri də qatılıb.

Sabirabad Regional Mədəniyyət İdarəsi şəhid və qazilərimizin tanıdılması ilə əlaqədar idarə əməkdaşlarından ibarət təşəbbüs qrupu yaradıb. Qrup tərəfindən Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələri ziyarət olunur, onlardan şəhidlərimiz haqqında müsahibələr alınır, həmin məlumatlar əsasında qısametrajlı filmlər hazırlanır.

***

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Qələbəmizin, zəfərimizin baş memarı – Ali Baş Komandan İlham Əliyev” mövzusunda videokonfrans keçirilib.

Ağdaş rayon MKS-nin oxu zalında Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi ilə əlaqədar “Müdrik insan, gözəl şair” adlı tədbir təşkil edilib. MKS-nin direktoru Seyfəddin Feyzullayev, şair Fəxrəddin Əsəd F. Qocanın yaradıcılığından söz açıblar. Kitabxananın əməkdaşları şairin şeirlərini oxuyublar.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Yevlax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin nəzəriyyə müəllimi Firuzə Niyazova Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx hazırlayıb.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsinin geniş tərkibdə onlayn şura iclası keçirilib. İclasda pandemiya dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə edilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Gəncə şəhər Heydər Əliyev Mərkəzi “Tarix yazan sərkərdə” adlı onlayn tədbir keçirib. Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən söz açılıb.

Gəncə şəhər Mərkəzi kitabxanasının əməkdaşları Vətən müharibəsi qazisi Talıb Rzayevlə onlayn görüş keçirib. Talıb Rzayev Şuşa uğrunda gedən döyüşlərdə ayağından qəlpə yarası alıb, hazırda müalicəsi davam edir. O, döyüş yolundan, Azərbaycan Ordusunun şücaətindən söz açıb.

Mərkəzi kitabxananın işçiləri Vətən müharibəsində Talış kəndi ətrafındakı yüksəklik uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan İlqar Vüqar oğlu Bürcəliyevin ailəsi ilə də onlayn görüş keçirib. Görüşdə ailə üzvləri 19 yaşında şəhidlik zirvəsinə ucalan İlqarın Vətənə məhəbbətindən, döyüş zamanı göstərdiyi şücaətdən danışıblar.

Samux rayon MKS-nin Oxuculara xidmət şöbəsi “Yaşasın Ali Baş Komandanımız” adlı şeir müsabiqəsi keçirib. Müsabiqədə 7 yaşdan 17 yaşa qədər fəal oxucular iştirak ediblər.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Heydər Əliyev Mərkəzi YAP Qazax rayon təşkilatı Qadınlar şurası ilə birgə “On yeddi illik strategiyanın zəfəri” mövzusunda videokonfrans keçirib. Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkləmizin əldə etdiyi nailiyyətlərdən söz açılıb.

Tovuz rayon Mədəniyyət Mərkəzinin Qovlar şəhər Folklor-mədəniyyət evi filialının və Tovuz rayon MKS-nin Qovlar şəhər 1 saylı kitabxana filialının əməkdaşları Qovlar sakini qazi Əhməd Alıyevi ziyarət ediblər. 24 yaşlı qazi Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şücaətlik göstərərək ağır yaralanıb, sol ayağını itirib.

Ağstafa şəhər Hüseyn Arif adına Uşaq musiqi məktəbinin şagirdi Gülnar Mehdiyeva Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Notların möcüzəsi” onlayn müsabiqəsində 1-ci yeri tutub.

***

Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Mətin Mustafazadə “Notların möcüzəsi” onlayn musiqi müsabiqəsində II yeri qazanıb.

NURƏDDİN