Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənətinin tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabını nəşr edib. Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, müsahibələri daxil edilib.

“Kino cəmiyyətin aynasıdır”, “Kino rejissorluğu üzrə mühazirələr”, “Sənət ideal axtarışında”, “Həkk olunmuş zaman”, “Sənətkar məsuliyyəti”, “Həsrətdən sonra”, “Kino sirli aləmdir”, “Görüşlər, çıxışlar, müsahibələr” adlı fəsillərdən ibarət kitabda kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi incəlikləri təhlil edilir.

Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilən kitabın orijinaldan tərcümə müəllifi Fərhad Abdullayev, redaktoru Rəbiqə Nazimqızıdır.

Andrey Tarkovski (1932–1986) kino və teatr rejissoru, nəzəriyyəçisi kimi zəngin yaradıcılıq irsinə malikdir. İlk ekran əsəri – “İvanın uşaqlığı” filmi dünya kinosunda böyük hadisə kimi qəbul olunub, Venesiya kinofestivalının “Qızıl şir” mükafatına layiq görülüb. “Andrey Rublyov”, “Ayna” və “Stalker” filmləri bütün zamanların ən yaxşı ekran əsərləri siyahısına daxil edilib. 1980-ci ildə növbəti filminin çəkilişi ilə bağlı getdiyi İtaliyadan geri qayıtmayıb. İtaliyada mühacir olaraq yaşayan rejissor “Xiffət” (1983) və “Qurbanvermə” (1986) filmlərini çəkib.