Tacikistanın paytaxtı Düşənbə 2021-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) “Mədəniyyət paytaxtı” estafetini qəbul edib. Düşənbə həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) tərəfindən 2021-ci ilin “Turizm şəhəri” elan olunub.

2020-ci ildə ildə Qazaxıstanın Çimkənd (Şımkent) şəhəri MDB-nin “Mədəniyyət paytaxtı” elan edilmişdi. Lakin məlum pandemiya il çərçivəsində nəzərdə tutulan tədbirlərin bir çoxunu həyata keçirməyə imkan vermədi.

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin məlumatında qeyd edilir ki, 2021-ci il ərzində Düşənbədə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Statistik məlumata görə, hazırda Düşənbədə 37 mehmanxana, 42 əyləncə mərkəzi, 25 bazar, 91 ticarət mərkəzi, 17 mədəniyyət və istirahət parkı, 7 professional teatr, 306 müalicə-profilaktika müəssisəsi və digər xidmət sahələri fəaliyyət göstərir.

Qeyd edək ki, MDB-nin “Mədəniyyət paytaxtı” proqramı 2010-cu ildə qəbul olunub. Həmin il MDB-də “Tarixi-mədəni irs ili”  elan olunmuşdu. MDB-nin Humanitar Əməkdaşlıq Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DNƏF) təşəbbüsü ilə qəbul olunan proqram çərçivəsində 2011-2015-ci illərdə hər il üçün iki şəhər paytaxt elan edilirdi. 2013-cü ildə hətta üç şəhər (o cümlədən Azərbaycandan Qəbələ) bu ada layiq görülmüşdü.

2016-cı ildən etibarən hər il bir şəhər MDB-nin “Mədəniyyət paytaxtı” elan edilir. 2017-ci ildə bu missiyanı Azərbaycanın Gəncə şəhəri daşımışdı.

Düşənbə Tacikistandan “Mədəniyyət paytaxtı” seçilən ikinci şəhərdir. 2015-ci ildə bu adı Kulyab şəhəri almışdı.