Bakı Turizm İnformasiya Mərkəzində Azərbaycan və Yunanıstan arasında turizm sahəsində fəaliyyət göstərən birgə komitənin ikinci iclası keçirilib.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev iclası giriş sözü ilə açaraq, Yunanıstan Turizm Nazirliyi nümayəndələrinin Azərbaycana səfərini və iclasda Yunanıstanın ölkəmizdəki səfiri İoanis Metaksasın iştirakını yüksək qiymətləndirib, keçirilən iclasın iki ölkə arasında turizmin inkişafına müsbət təsir edəcəyini qeyd edib.

   Yunanıstan nümayəndə heyətinin rəhbəri, Yunanıstan Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mariya Tasiou öz növbəsində toplantının iki ölkə arasında turizm əlaqələrinin daha da genişlənməsinə və inkişafına təkan verəcəyini, həmçinin ikitərəfli turist axınının çoxalmasına səbəb olacağını bildirib.
   Bakı Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, iclasın məqsədi turizm sahəsində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair qarşılıqlı müzakirələr aparmaq, Bakı ilə Afina arasında birbaşa hava reyslərinin və mehmanxana idarəçiliyi sahəsində çalışanlar üçün təlim kurslarının təşkilidir.
   Bununla yanaşı, tədbirdə Azərbaycan Turizm İnstitutunda təhsil alan tələbələrin Yunanıstanın qabaqcıl turizm şirkətlərində və mehmanxanalarında təcrübə keçməsi, ATİ-nin tələbələri ilə Yunanıstanın müvafiq ali təhsil ocaqları arasında tələbə mübadiləsi, viza rejiminin sadələşdirilməsi, Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişdən irəli gələn məsələlər müzakirə olunub.
   Tədbirin yekunu olaraq Azərbaycan və Yunanıstan arasında turizm sahəsində fəaliyyət göstərən birgə komitənin 2-ci iclası çərçivəsində protokol imzalanıb.
   Xatırladaq ki, Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişin həyata keçirilməsi üzrə Birgə Komitənin birinci iclası 2007-ci il iyulun 26-27-də Yunanıstanda keçirilib.

 Fəxriyyə ABDULLAYEVA