Atatürkün ətraf mühitə verdiyi dəyər “O çinar” sənədli filmində

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün göstərişi ilə 1929-cu ildə inşa edilmiş və yaxınlıqdakı çinar ağacının budağına zərər verməmək üçün relslər üzərində daşınan “Gəzən malikanə” sənədli filmlə dünyaya tanıdılacaq.

Türkiyənin Tarixi Əsərlər və Abidələr Ali Şurasının qərarı ilə dövlət tərəfindən qorunan mədəniyyət və təbiət sərvətləri sırasına daxil edilən malikanə onun yerindən tərpədilməsinə səbəb olan 400 illik Şərq çinarı ilə birlikdə günümüzə gəlib çatıb.

Hər il minlərlə insanın ziyarət etdiyi “Gəzən malikanə” çəkilişləri 20 gündə tamamlanan “O çinar” adlı sənədli filmin mövzusu olub.

Rejissor Fehmi Gerçeker sənədli filmi Atatürkün ətraf-mühitin mühafizəsinə verdiyi əhəmiyyəti əks etdirmək və bu əsəri dünyaya tanış etmək üçün hazırladıqlarını söyləyib.

“Gəzən malikanə”nin hekayəsinin dünyada bənzəri olmadığını vurğulayan Gerçeker deyib: “Bu, 1930-cu illərdə heç eşitmədiyimiz, dünyada yaşandığını görmədiyim bir hadisədir. O dövrdə bir çinar ağacının budağının kəsilməməsi üçün malikanə yerindən hərəkət etdirilir. Bu, çox maraqlı bir hadisədir. Biz də buradan hərəkətlə bir sənədli film çəkmək qərarına gəldik və “Gəzən malikanə”ni dünyaya tanıtmaq məqsədilə sənədli film ərsəyə gəldi”.

Sənədli film ingilis dilinə tərcümə edilərək dünya televiziyalarına təqdim olunacaq.

Mehparə SULTANOVA