Məşhur alimin tədqiqatı ilk dəfə dərc edilib

Yanvarın 5-də anadan olmasının 378-ci ili qeyd edilən dahi ingilis riyaziyyatçısı və fiziki  İsaak Nyutonun Misir ehramları haqqında tədqiqatı ilk dəfə dərc edilib.

Üç səhifədən ibarət və riyazi hesablamalar ehtiva edən tədqiqat dünyanın yeddi möcüzəsindən olan ehramların sirlərinə nüfuz edir.

Nyuton Kembric Universitetindən ayrılaraq öz doğma şəhəri olan Linkolnşirdə apardığı bu tədqiqatda göstərir ki, ehramları tikən qədim misirlilər bu üsulla Yerin ölçüsünü müəyyən etməyi bacarıblar. Alim əlavə edib ki, onlar sonralar itirilən əlkimya elminə də dərindən yiyələnib.

Nyuton hesab edirdi ki, qədim Misirdə “firon qolu” adlanan ölçü vahidi Yer kürəsinin çevrəsini ölçməyə imkan verirdi. Alim bu ölçü vahidi ilə özünün Yerin cazibə qanununu daha da təkmilləşdirəcəyinə inanırdı. Nyuton, həmçinin “firon qolu” vasitəsilə Süleyman məbədi kimi tikililərin memarlığında sirləri açacağına, habelə dünyanın sonunu müəyyən edəcəyinə inanırdı.

Nyutonun Misir ehramlarına dair əlyazması Sotbis hərrac evində saxlanılır. Onu hərrac evinin rəsmisi Qebriel Heton dərc etdirib.